Unay Emeri: "Bizim üçün əsas hədəf titulu qazanmaqdır" - MÜSAHİBƏ

Unay Emeri: "Bizim üçün əsas hədəf titulu qazanmaqdır" - MÜSAHİBƏ
# 28 may 2019 18:28 (UTC +04:00)

"Bizim üçün yaxşı fürsətdir. Hər dəfə ancaq irəliyə baxıram, niyyətim də yalnız gələcəyədir".

ONA-nın məlumatına görə, bunu İngiltərənin "Arsenal" klubunun baş məşqçisi Unay Emeri deyib.

Mayın 29-da Bakıda Avropa Liqasının final oyununda "Çelsi" ilə qarşılaşacaq "topçular"ın çalışdırıcısı bu gün mətbuat konfransı keçirib. İspaniyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Deyə bilərsinizmi, Çex peşəkar karyerasının son oyununda meydanda olacaq, yoxsa ehtiyatda qalacaq?
- Sabah böyük çıxışımız olacaq. Bizim üçün əsas hədəf titulu qazanmaqdır. İstəyirik ki, bu məqamdan həzz alaq, karyeramız üçün önəmli andı. Çex haqqında çox danışmaq olar, o, böyük oyunçudur. Bizimlə son dəfə meydana çıxacaq. Çalışırıq ki, onun üçün qələbə qazanaq.

- “Arsenal”ın bu vaxta qədər Avrokuboklarda ciddi uğurları olmayıb. Siz bu titulu qazanmaqda özünüzü məsul hiss edirsinizmi?
- Hesab edirəm ki, indiyə qədər yaxşı gəlmişik. Bundan sonra bizim hədəfimiz çempion olmaq və Çempionlar Liqasına düşməkdi. Çalışacağıq ki, yüksək motivasiya ilə oynayaq. Yarış getdikcə daha da nüfuzlu hal alır. Keçən il də finalda güclü komandalar çıxış edirdi. Hər iki komandanın heyətində güclü oyunçular var.

- Arsen Venger Premyer Liqanı 3 dəfə qazanıb. Amma ÇL və ya AL-i heç vaxt qazanmayıb. Sizin isə belə şansınız var. Deyə bilərikmi, siz bir mövsümə Vengeri üstələmisiniz?
- Arsen Vengerin bu klubda etdikləri möhtəşəmdir. Bu kluba böyük töhfələr verib, “Arsenal”a yeni futbol mədəniyyəti gətirib. Mən istəyirəm ki, bunu saxlayım və təkmilləşdirim. Əsas hədəfim bütün yarışlarda rəqabətədavamlı komanda yaratmaqdır. Vengerdən çox şey öyrənmişəm. İstəyirəm bu komandaya kömək edim ki, nailiyyətlər qazansın, futbol dünyasında ən yaxşı mövqelərə nail olaq.

- Sabah qalib gəlsəniz ümumilikdə 4-cü AL kubokunu qazanacaqsınız. Bunu dünyada heç kim bacarmayıb. Sizin üçün rekord nə qədər önəmlidir?
- Udmaq da olar, uduzmaq da. Çalışırıq ki, oyunçuları xüsusi hazırlaşdıraq və başa salaq ki, bu, xüsusi vəziyyətdir. Azarkeşləri də nəzərə alırıq. Çalışırıq onlara qürur bəxş edək. Əlbəttə ki, ÇL bizim hədəfimizdir. Mövsüm başlayanda komandada müəyyən çətinliklər var idi. Amma sabah bizim gözəl şansımız olacaq, həm titul qazanmaq, həm də ÇL-də oynamaq üçün.

- Çox güman ki, Çex bu finaldan sonra “Çelsi”yə gedəcək. Siz bu barədə nə düşünürsünüz?
- Buna hörmətlə yanaşıram. Çex möhtəşəm oyunçu və qapıçıdır. Biz ona inanırıq və karyerası da bunu göstərir. Qərar verməmişəm start heyətində olacaq, ya yox, amma ona böyük hörmətlə yanaşırıq.

- ÇL və AL arasında hansı fərqlər var? Dinamika sizin hazırlığınıza təsir edir?
- Mən AL-də 10 il ərzində böyük irəliləyişlər görürəm. Burdan ÇL-ə birbaşa vəsiqə çox önəmli haldır. "Böyük beşlik" ölkələrində ilk "4-lüy"ə düşmək çox çətindir, ona görə də AL bu baxımdan daha yaxşı yol kimi görünür. Bu isə yarışın nüfuzunu artırıb. “Sevilya”da işləyəndə də bunu müşahidə etmişəm. Finallarda “Atletiko”, “Marsel” kimi klublarla qarşılaşmışıq. Ona görə də “Arsenal” da, “Çelsi” də bu yarışda həvəslə oynayır.

- “Çelsi” artıq ÇL-ə vəsiqəni təmin edib. Sizin üçün isə son imkandır. Bu, sizə xüsusi üstünlük verirmi?
- Məncə, bu məqam bizə xüsusi üstünlük vermir. Çünki bütün komandalar ilk növbədə titul qazanmaq istəyirlər. Əsas məsələ tituldur.

- Bakıda on minlərlə azarkeşiniz olmayacaq. Bu, sizin üçün nə qədər məyusedicidir?
- Bu, əslində məyusedici deyil. Bir neçə il öncə mən Tbilisidə Superkubok oyununda olmuşam. Bakıda oynanılması qərarı verilibsə, bunu qəbul etməliyik. Amma bütün dünyada hər iki komandanın azarkeşləri var, həmçinin Azərbaycanda. Hesab edirəm ki, bizim burda istənilən halda azarkeşlərimiz olacaq. İstərdim ki, daha çox yerli azarkeşlərimiz bizimlə olsun, amma belə də məyus olmuram.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR