“Azərbaycan koronavirusa yoluxanların sayı və müalicəsinə görə uğurlar əldə edib. Bu, Azərbaycan Prezidentinin rəhbərliyi altında görülən işlərin nəticəsidir”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Koronavirusla Mübarizəyə Dəstək Fonduna həsr edilmiş mətbuat konfransında Fondun İctimai Nəzarət Şurasının üzvü, millət vəkili Ziyad Səmədzadə deyib.
O bildirib ki, Fondun vəsaitlərinin hər manatı üzərində ciddi nəzarət olacaq: “11 mindən çox insan Fonda dəstək verib və proses davam edir. Bu Fondun yaradılması bir daha Azərbaycan xalqının dövlətlə bir yerdə olduğunu göstərir. Prezidentin də dediyi kimi, az itki ilə bu bəladan qurtarmaq bizim məqsədimizdir”.
Şura üzvü Fərhad Bədəlbəyli qeyd edib ki, bu gün təbliğat mühüm əhəmiyyət kəsb edir: “Bu gün iclasda müzakirələr zamanı da qeyd edildi ki, bəzi telekanallar hələ də yüngüllükdən azad olmayıblar. Əyləncə bir az kənara qalsın. İllərdir ki, əyləncələr izləyirik. Təbliğatın aparılmasında Fondun böyük rolu olacaq”.