Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış vəsait də (74,6 milyon manat) nəzərə alınmaqla, 2019-cu ildə səhiyyə xərclərinə dövlət büdcəsi xərclərinin 3,9 faizi həcmində (2018-ci il səviyyəsində) və ya 948,2 milyon manat vəsait yönəldilib ki, bu da 2018-ci illə müqayisədə 71,9 milyon manat və ya 8,2 faiz çoxdur.
APA-nın məlumatına görə, bu, “2019-cu il dövlət büdcəsinin icrası barədə” hesabatda əksini tapıb.
Hesabatda qeyd edilib ki, funksional təsnifata uyğun olaraq (dövlət əsaslı vəsait qoyuluşundan ayrılmış vəsait istisna olmaqla) səhiyyə xərcləri (cari) üzrə istifadə olunmuş vəsaitin 380 milyon manatı və ya 43,5 faizi səhiyyə sahəsinə aid edilən digər xidmətlərə (2018-ci illə müqayisədə 115,7 milyon manat və ya 43,8 faiz çox), 363,9 milyon manatı və ya 41,7 faizi xəstəxanaların saxlanılmasına (2018-ci illə müqayisədə 32,5 milyon manat və ya 9,8 faiz çox), 115,2 milyon manatı və ya 13,2 faizi poliklinikaların və ambulatoriyaların saxlanılmasına (2018-ci illə müqayisədə 12,1 milyon manat və ya 11,7 faiz çox), 14,5 milyon manatı və ya 1,6 faizi səhiyyə sahəsində tətbiqi tədqiqatlar və digər xidmətlər üzrə xərclərə (2018-ci illə müqayisədə 3,6 milyon manat və ya 33,0 faiz çox) yönəldilib.
İqtisadi təsnifata uyğun olaraq səhiyyə xərcləri (cari) üzrə əməyin ödənişinə 388,8 milyon manat (2018-ci illə müqayisədə 43,6 milyon manat və ya 12,6 faiz çox), malların (işlərin və xidmətlərin) satın alınmasına 307,8 milyon manat (2018-ci illə müqayisədə 14,8 milyon manat və ya 5,1 faiz çox), subsidiyalar və cari transfertlərə 113,4 milyon manat (2018-ci illə müqayisədə 85,6 milyon manat və ya 4,1 dəfə çox), təqaüd və sosial müavinətlərə 3,1 milyon manat, digər xərclərə (sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmiri və yenidən qurulması, icarə və bank xərcləri) 36,3 milyon manat (2018-ci illə müqayisədə 18,8 milyon manat və ya 2,1 dəfə çox), qeyri-maliyyə aktivlərinin alınmasına (əsas vəsaitlərin, maşın və avadanlıqların, qurğu və digər maddi istehsal obyektlərinin alınması, bina və qurğuların tikintisi və s.) 24,2 milyon manata (2018-ci illə müqayisədə 1,7 milyon manat və ya 7,6 faiz çox) vəsait ayrılıb.