BP şirkəti dayazsulu "Abşeron" (SWAP) perspektiv sahədə ilk kəşfiyyat quyusunun qazmasına 2021-ci ilin əvvəllərində başlayacaq.
"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2020-ci ilin ilk rübünün yekunlarına görə dərc etdiyi hesabata istinadən verdiyi məlumata əsasən, Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisində seçilmiş yerdə ilk kəşfiyyat quyusunun qazılması işlərinin planlaşdırılması davam edir.
"Quyunun qazılmasına bu məqsədlə seçilmiş qazma qurğusu üzərində hazırda aparılan işlər başa çatdıqdan sonra gələn ilin əvvəllərində başlamaq nəzərdə tutulur", - hesabatda deyilir.
Öncə qeyd edilirdi ki, SWAP layihəsi çərçivəsində ilk quyunun qazılmasına bu ilin sonlarında start veriləcək.
Qeyd edək ki, sözügedən sahədə qazma işləri Azərbaycana gətirilən Qazaxıstanın "Satti" qazma qurğusundan aparılacaq. Hazırda qurğuda SWAP layihəsi çərçivəsində işlərə başlamaq üçün modifikasiya işləri aparılır.
Ümumiyyətlə, dayazsulu "Abşeron" perspektiv sahəsində qazılacaq 3 kəşfiyyat quyularının dərinliyi 3-4 min metr arasında olacaq, quyular suyun 6-10 metr dərinliyində qazılacaq.
SWAP layihəsi üzrə neft ehtiyatlarının olması ehtimal edilir.
Qeyd edək ki, SOCAR və "KazMunayQaz" milli şirkəti arasında 26 yanvar 2019-cu il şəhərində imzalanmış "Qarşılıqlı əməkdaşlıq haqqında" Memorandum çərçivəsində, Azərbaycanın qazma operatoru "Caspian Drilling Company LTD" MMC (CDC) və Qazaxıstanın "KMG Drilling & Services" şirkəti arasında 16 fevral 2019-cu il tarixdə Astana şəhərində "Satti" özüqalxan üzən qazma qurğusunun etibarlı idarəetməyə verilməsinə dair müqavilə imzalanıb. Qurğu Bakıya bu ilin iyununda gətirilib.
Qazma qurğusunun BP və SOCAR-ın birgə istismar etdiyi "Abşeron" (SWAP) strukturunda, eləcə də Xəzər dənizi akvatoriyasında digər layihələrdə əməliyyatlara cəlb edilməsi nəzərdə tutulur.