Tural Gəncəliyev: “Lill Universitetinin bir qrup əməkdaşının Qarabağa səfərini qınayırıq”

Tural Gəncəliyev: “Lill Universitetinin bir qrup əməkdaşının Qarabağa səfərini qınayırıq”
# 29 oktyabr 2019 16:03 (UTC +04:00)

“Ermənistan və Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejimin kütləvi informasiya vasitələrində yayılan məlumata görə, Fransanın Lill Universitetinin müəllim və professor heyəti Dağlıq Qarabağa səfər ediblər. Biz Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icması olaraq Fransanın Lil Universitetinin bir qrup əməkdaşının Qarabağa səfərini kəskin şəkildə pisləyirik və qınayırıq”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev deyib.

Onun sözlərinə görə, qədim və zəngin ənənələrə malik olan, yüksək informasiya texnologiyaları üzrə ixtisaslaşmış Lil Universitetinin professor və müəllim heyəti necə olub ki, gedəcəkləri yer haqqında məlumat toplamayıblar, bu bölgənin Ermənistan tərəfindən işğal olunması ilə bağlı məlumat əldə etməyiblər.

“Bu, bizi çox məyus edir. Xüsusilə də bunu beynəlxalq hüquqa hörmətsizlik, orada erməni təcavüzü nəticəsində öz torpaqlarından qovulmuş və həlak olmuş azərbaycanlıların ruhuna təhqir kimi hesab edirik. Əgər Lil Universitetinin əməkdaşlarının gedəcəkləri yer barədə məlumatları olmayıbsa, bu onlar üçün utancverici hadisədir. Yox, əgər qəsdən işğal olunmuş ərazilərimizə gediblərsə, o zaman onlar Fransa dövlətinin Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi mövqeyinə zidd addım atıblar. Çünki Fransa birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və erməni işğalı faktını tanıyır. Bundan əlavə, Fransa ATƏT-in Minsk qrupunun həmsədri funksiyasını yerinə yetirir. Onlar Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməklə, eyni zamanda Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi nüfuzuna xələl gətirirlər. Çünki Fransa burada tərəfsiz və obyektiv funksiya həyata keçirir. Hesab edirəm ki, universitetin bu hərəkəti tamamilə qəbuledilməzdir. Lil Universitetinin rəhbərliyinin həmin müəllim və professorlara qarşı ciddi tədbirlər görməsini tələb edirik. Hesab edirik ki, gələcəkdə bu kimi qanunsuz səfərlərin həyata keçirilməsinin qarşısını alacaqlar”, - deyə T. Gəncəliyev qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR