Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd ilin sonunadək hazır olmayacaq.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Marqaret Harris ABŞ Prezidenti Donald Trampın COVID-19 əleyhinə peyvəndin 2020-ci ilin sonuna qədər hazırlanması ilə bağlı açıqlamasını şərh edərkən deyib.
“Yaxşı xəbər budur ki, dünyanın hər yerində tədqiqatçılar peyvənd üzərində işləyirlər. Yüzə qədər müxtəlif qrupumuz var, amma bu proses vaxt aparır. Bu, həm də təhlükəsizlik məsələsi ilə bağlıdır. Biz iki məsələni bilməliyik. Peyvənd virusla qarşılaşanda düzgün antikorları stimullaşdırırmı? Eyni zamanda, peyvəndin yan təsirləri varmı? Hansı peyvəndin daha etibarlı olmasını bilmək də vacibdir. Daha sonra bu peyvəndin istehsalı, onun insanlara necə çatdırılması məsələsini başa düşmək lazımdır. Bütün bunlar isə vaxt tələb edir”, - deyə ÜST-ün sözçüsü vurğulayıb.
M. Harris qeyd edib ki, hətta müalicədə istifadə olunan dərman vasitələrinin test edilməsi də vaxt tələb edir, çünki bəzi xəstələrdə dərmanın öz təsirini göstərməsi təsadüf də ola bilər: “Buna görə də bütün lazımi testləri aparmaq üçün daha çox vaxt lazımdır”.