Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qohumunun evindən pul və qızıl zinət əşyaları oğurlayan rayon sakini saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Astara şəhər sakini T. Ağayev polisə müraciət edərək evindən 10000 manat pulun və 1160 manat dəyərində qızıl zinət əşyalarının oğurlandığını bildirib. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun zərərçəkmişin qohumu, rayonun Ərçivan qəsəbə sakini L.Əliyeva olduğu müəyyən edilib. Oğurlanmış pul və qızıl-zinət əşyaları ondan aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.