ABŞ prezidentinin inauqurasiya mərasiminin qeyri-rəsmi məqamları – REPORTAJ - FOTOSESSİYA

ABŞ prezidentinin inauqurasiya mərasiminin qeyri-rəsmi məqamları – <font color=red>REPORTAJ - FOTOSESSİYA </font>
# 21 yanvar 2009 07:43 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, bayram ab-havasına uyğun olmayan məqamlar on minlərlə insanı məyus edib. Səhər tezdən minlərlə insan əsasən yeraltı nəqliyyat vasitəsi ilə inauqurasiya mərasiminin keçiriləcəyi əraziyə - Konqres binasının qarşısına doğru hərəkət edirdilər. İlk baxışdan amerikanların sevinci Sovet dövrünün 1 may bayramını xatırladırdı: bayramın sevincindən pay almaq istəyən, əllərində Barak Obamanın adı olan şüarlar tutmuş fəhlələr, ölkə bayraqlarını dalğalandıran körpə uşaqlar, sabaha böyük ümidlər bəsləyən valideynlər. İnsanların Buş administrasiyasına olan münasibəti açıq-aşkar hiss olunurdu, metro vaqonlarının divarlarına Corc Buş və vitse-prezident Dik Çeynini dəmir barmaqlıqlar arasında əks etdirən çoxlu şəkillər vurulmuşdu. Bu şəkillərin altında isə Martin Lüter Kinqin məşhur çıxışı olan “Mənim Arzum Var” (I Have Dream) sözləri yazılıb. Bununla da şəkilləri yapışdıran amerikalılar hər iki şəxsin həbs olunmasını arzu etdiklərinə işarə vururdular.

Hava şəraiti də inauqurasiya mərasimini izləyənlər üçün əlavə problemlər yaratmışdı. Mənfi 4 dərəcə soyuq və saatda 24 kilometr sürətlə əsən şimal külək yüngül geyinən tamaşaçıları əsl imtahana çəkmişdi. Metro stansiyalarından Konqresə doğru gedən yollarda ciddi təhlükəsizlik tədbirləri dərhal nəzərə çarpırdı. Təhlükəsizliyin təmin olunmasına milli qvardiyanın əsgərləri cavabdeh idilər. Yolların hər iki tərəfində zirehli “Hammer” maşınlarını dayanıb, evlərin üzərində snayperlər yerləşdirilmişdi, havada isə vertolyotlar uçurdular.

Yolların kənarında bizim bazarları xatırladan mənzərəni də görmək olardı. Onlarla amerikalılar Barak Obamanın adını daşıyan gödəkcələr, papaqlar, döş nişanları, şəkillər və inauqurasiyaya aid yüzlərlə əşyalar satırdılar. “Washington Post” qəzetinin inauqurasiya ilə bağlı xüsusi buraxılışı da metronun çıxışında satılırdı. Xüsusi buraxılışda ABŞ-da fəaliyyət göstərən Amerika Azərbaycanlıları Şəbəkəsinin (USAzeris Network) Barak Obama, Cozef Biden, Hilari Klinton və digər yeni hökumət üzvlərinə təbrik məktubu da çap olunub.

Mərasimin keçirildiyi Konqres binasına doğru yarım saatdan çox piyada irəliləyən amerikalılar qarşılarında hündür çəpər görərək bir az məyus olmuşdurlar. Bu çəpərlərdən keçmək üçün xüsusi buraxılışlar əvvəlcədən çap olunub. Bu buraxılışları Konqres üzvləri öz seçicilərinə təqdim etmişdilər. Digər bir qismini isə sıravi vətəndaşlar internet vasitəsi almışdırlar. Lakin insanların çox olması səbəbindən əllərində buraxılışlar olan insanlar belə inauqurasiya keçirilən əraziyə daxil ola bilmirdilər.

Bütün bu çətinliklərə baxmayaraq, Barak Obamanın inauqurasiya mərasimi insanlara yeni ümidlər və arzular bəxş etdi. ABŞ-ın bütün bölgələrindən Vaşinqtona axışanlar göz yaşlarını saxlaya bilmirdilər. Sıravi amerikalılar yeni hakimiyyətdən müsbət dəyişikliklər gözlədiklərini gizlətmirdilər.

Vaşinqton tezliklə ənənəvi sakit həyatına geri dönəcək. Lakin insanlar paytaxtın havasına çökmüş ümidlərin gerçəyə çevrilməsini uzun müddət gözləməli olmayacaq. Yeni administrasiyanın atacağı addımları hər kəs ümidlə gözləyir, sadə amerikalılar üçün əsas məsələ sosial problemlərin həlli və ümumdünya maliyyə böhranının ABŞ iqtisadiyyatına təsirinin aradan qaldırılmasıdır. Hər kəs bu ab-havanı açıq-aşkar hiss edir, milyonlarla insanın inauqurasiya mərasimini izləmək üçün Vaşinqtona axışması əylənmək məqsədi daşımırdı. İnsanlar hansısa ümidin işığını tutaraq paytaxta axışmışdılar. Ümidlər doğrulacaqmı?
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR