Çe Gevaranın ölümündən 40 il ötür

Çe Gevaranın ölümündən 40 il ötür
# 08 oktyabr 2007 10:05 (UTC +04:00)
Bu gün əfsanəvi inqilabçı Ernesto Çe Gevaranın ölümünün 40-cı ildönümüdür. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Çe Gevaranın cəsədinin qalıqlarının və onun döyüş yoldaşlarının dəfn olunduğu Kubanın Santa-Klara şəhərində bu münasibətlə mitinq keçiriləcək. Mitinqdə inqilabçının qohumları, Kuba rəhbərliyinin nümayəndələri və müharibə veteranları iştirak edəcək.
Qeyd edək ki, ixtisasca həkim olan argentinalı Ernesto Çe Gevara Kuba diktatoru Fulxensio Batistaya qarşı silahlı mübarizə aparan inqilabçıların komandirlərindən biri olub. 1959-cu ildə inqilabçıların qələbəsində sonra o, Kuba hökumətində bir sıra postlar tutub. Ancaq daha sonra əvvəlcə Afrikada, sonra isə Latın Amerikasında partizan hərəkatı təşkil etmək məqsədilə ölkəni tərk edib. 1967-ci il oktyabrın 8-də Boliviyada yaralanıb və əsir götürülüb, ertəsi gün güllələnib. Onun dəfn olunduğu yer uzun müddət gizli qalıb. 1997-ci ildə Çe Gevaranın cəsədinin qalıqları aşkarlanaraq Kubanın Santa-Klara şəhərinə aparılıb. Burada xüsusi mavzoley tikilib və Çe Gevaraya hündürlüyü 6 metr olan abidə qoyulub. 1998-ci ildən bəri memorialı 2 milyondan çox adam ziyarət edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR