Daniel Frid: “Erməni soyqırımı haqqında qətnamə qəbul olunarsa, Türkiyənin çox sərt reaksiyası ilə üzləşəcəyik”

Daniel Frid: “Erməni soyqırımı haqqında qətnamə qəbul olunarsa, Türkiyənin çox sərt reaksiyası ilə üzləşəcəyik”
# 09 oktyabr 2007 13:24 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri ABŞ dövlət katibinin müavini Daniel Frid Dövlət Departamentində keçirdiyi mətbuat konfransında söyləyib. Onun sözlərinə görə, qəbul olunacaq qətnamə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına xidmət etməyəcək: “ABŞ-ın nəinki indiki administrasiyası, hətta keçmiş dövlət katiblərinin hamısı belə bir qətnamənin qəbuluna qarşıdır. Sabiq dövlət katiblərindən Madlen Olbrayt, Uorren Kristofer, Kolin Pauell, Henri Kissincer, Ceyms Beyker, Aleksandr Xeyq, Corc Şults və Lorens İqlberger Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə göndərdikləri məktubda bu qətnamənin qəbulunu yolverilməz adlandırıblar. Mən məktubdan konkret sitat gətirirəm: “Bu qətnamə ABŞ-ın regiondakı maraqlarına, o cümlədən İraq və Əfqanıstandakı qoşunlarımızın maraqlarına cavab vermir”. Nə administrasiya nümayəndələri, nə də sabiq dövlət katibləri 1915-ci ildə günahsız ermənilərin kütləvi qırğını ilə nəticələnən faciəni inkar etmirlər. ABŞ bu faktı tanıyır. Prezident Buş öz sələfi Bill Klinton kimi aprelin 24-də ermənilərə ünvanladığı illik müraciətdə formal olaraq bu faciəni tanıyır. Lakin biz hesab etmirik ki, bu qətnamə tarixi həqiqətin bərpasına, Ermənistanla Türkiyənin münasibətlərinin normallaşmasına, ABŞ-ın maraqlarının inkişafına xidmət göstərəcək. Buna görə də biz qətnamənin qəbuluna qarşıyıq”. Daniel Frid qətnamə qəbul olunacağı təqdirdə Türkiyənin mümkün reaksiyasının şərh etmək istəmədiyini deyib: “Lakin dəqiqliklə deyə bilərəm ki, reaksiya sərt olacaq. Hətta reaksiya əvvəllər bu kimi qətnamələr meydana çıxan zaman göstərilən reaksiyadan da sərt olacaq. Biz ilk növbədə Türkiyədən reallaşan təchizat hesabına dolanan öz qoşunlarımızı və İraq iqtisadiyyatını düşünməliyik”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR