ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi uydurma “erməni soyqırımı” ilə bağlı qərar layihəsini qəbul edib

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi uydurma “erməni soyqırımı” ilə bağlı qərar layihəsini qəbul edib
# 11 oktyabr 2007 08:30 (UTC +04:00)
Yerli vaxtla səhər saat 10.30-da başlayan və 7 saat davam edən müzakirələrdə Xarici Əlaqələr Komitəsinin bütün üzvləri emosional çıxışlar ediblər. Sədr Tom Lantos giriş sözündə əvvəlcə layihə haqda məlumat verib, sonra bildirib ki, komitə üzvləri çətin seçim qarşısındadır və İraqda hərbi əməliyyatlara cəlb olunmuş Amerika əsgərlərinin həyatı onların qərarından asılıdır. T. Lantos xatırladıb ki, səkkiz sabiq dövlət katibi və üç keçmiş müdafiə naziri sənədin müzakirəsinin əleyhinə çıxıb. Bəzi digər komitə üzvləri də bəyan ediblər ki, Nümayəndələr Palatası tarixlə bağlı müzakirə aparılması üçün uyğun yer deyil. Nyu-Yorkdan seçilmiş Corc Meeks deyib ki, təmsil olunduğu komitə 200 il Amerikada mövcud olan quldarlıq sistemini pisləyən qətnaməni qəbul etməyə imkan vermədiyi halda, ermənilərin məsələsini gündəliyə gətirir. Corciya ştatını təmsil edən David Skot isə bildirib ki, indiki dövrdə Konqres siyasi avantüralara qatılmamalıdır. Onun sözlərinə görə, Türkiyə ABŞ əsgərləri üçün əsas bazalardan biri olmaqla yanaşı, böyük həcmdə kəşfiyyat məlumatlarını Vaşinqtonla bölüşən strateji dövlətdir. Floridalı konqresmen David Veksler əlavə edib ki, Konqresin qərarı türklərlə ermənilərin barışması şansını sıfıra endirəcək və əks-effekt yaradacaq. Ancaq bütün bu əks-arqumentlər nəticə verməyib və səsvermə zamanı erməni lobbisi öz istədiyini əldə edib. Gözlənilənlərin əksinə olaraq komitənin sədri Tom Lantos da lehinə səs verənlərin arasında olub. Zaldakı ermənilər səsvermənin nəticələrini alqışlar və sevinc qışqırıqları ilə qarşılayıb. Müzakirələri Ədalət və İnkişaf Partiyasının sədr müavini Egemen Bağışın rəhbərliyi ilə Türkiyə parlamentinin nümayəndə heyəti və Türkiyənin ABŞ-dakı səfiri Nəbi Şənsoy da izləyib. Dövlət Departamentinin sözçüsü Şon Makkormak səsvermədən dərhal sonra bəyan edib ki, Ağ Ev administrasiyası bu qərar layihəsinə qarşı mövqeyini dəyişməyib və onun əleyhinədir. Ş. Makkormak sənədin nə Amerikanın Avropa və Yaxın Şərq regionlarındakı maraqlarına cavab verəcəyini, nə də türk və erməni xalqları arasında yaxınlaşmaya xidmət edəcəyini bildirib. Səsvermənin nəticələri bəlli olduqdan sonra Türkiyə səfiri Nəbi Şənsoy Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və demokrat çoxluğun rəhbəri Sten Hoyerlə görüş keçirib. Xarici Əlaqələr Komitəsinin təsdiqindən keçən qərar layihəsinin növbəti mərhələdə Nümayəndələr Palatasının gündəminə gətiriləcəyi gözlənilir. Əgər palatanın sədri Nensi Pelosi layihəni müzakirəyə təqdim edərsə, sənəd böyük ehtimalla qəbul olunacaq. Çünki 450 nəfərlik Nümayəndələr Palatasının yarısından çoxu - 236 üzvü ermənilərin mövqeyini dəstəkləyir. Türkiyə prezidenti Abdulla Gül qərarla bağlı ilk açıqlamasında bildirib ki, Xarici Əlaqələr Komitəsinin qərarının türk xalqı üçün heç bir əhəmiyyəti yoxdur. O, ABŞ-dakı bəzi siyasətçilərin böyük məsələləri öz cılız oyunlarına alət etdiyini deyib. Egemen Bağış isə bundan sonra qərar layihəsinin Nümayəndələr Palatasında əngəllənməsi istiqamətində çalışacaqlarını açıqlayıb: “Bu xətanı düzəltmək amerikalıların işidir”.
Qeyd edək ki, uydurma “erməni soyqırımı”nın tanınmasını nəzərdə tutan qərar layihəsini demokrat konqresmenlər Adam Şiff, Frenk Pallone, Bred Şerman, respublikaçı konqresmenlər Corc Radanoviç, Co Nollenberq və Tadeuş Makkotter təqdim edib. Erməni lobbisinin təsiri ilə qələmə alınan və uydurmalarla dolu olan layihədə bildirilir ki, 1915-1923-cü illərdə Osmanlı İmperiyası 2 milyon erməninin deportasiya olunmasına qərar verib və bunlardan 1,5 milyonu ölüb, 500 mini isə ölkədən qovulub. Sənəddə soyqırımın əsas təşkilatçıları kimi Osmanlı hökumətinin müharibə naziri Ənvər paşa, daxili işlər naziri Tələt paşa və donanma naziri Camal paşanın adları çəkilir. Konqresmenlər ABŞ prezidentlərini hər il aprelin 24-də verdikləri bəyanatda erməni soyqırımının baş verdiyini bəyan etməyə, bunu pisləməyə və xarici siyasətlərini buna uyğun qurmağa çağırılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR