Konqresmen Con Murta: “Bizi yüz il əvvəlki hadisələr yox, bugünkü məsələlər maraqlandırır”

Konqresmen Con Murta: “Bizi yüz il əvvəlki hadisələr yox, bugünkü məsələlər maraqlandırır”
# 18 oktyabr 2007 16:26 (UTC +04:00)
ABŞ Nümayəndələr Palatasının 5 üzvü bu gün mətbuat konfransı keçirərək uydurma “erməni soyqırımı” ilə bağlı qərar layihəsinin əleyhinə olduqlarını bəyan ediblər. APA-nın Türkiyə bürosunun xəbərinə görə, palatanın Maliyyə Ayırmaları Komitəsinin müdafiə alt komitəsinin sədri Con Murta ölkənin və millətin maraqlarına zidd olduğu üçün sənədin qəbuluna qarşı çıxdıqlarını bildirib: “Layihə bu gün səsə qoyulsa, keçməz”. C. Murta prezident Corc Buş, vitse-prezident Dik Çeyni və hərbi rəhbərliklə danışdığını deyib: “Hər kəs bu layihənin bizə mənfi təsir göstərəcəyini söylədi. Yüz il əvvəl nə olubsa, olub. Bizi bugünkü məsələlər, İraqdakı əsgərlərimiz maraqlandırır. Hərbi karqonun 70 faizi “İncirlik”dən keçir. Bölgədə Türkiyəyə ehtiyacımız var”. C. Murta erməni layihəsinin keçməsi halında “İncirlik” bazasının qapadılacağını və Türkiyənin İraqa hərbi müdaxilə edəcəyini vurğulayıb. Nümayəndələr Palatasının demokrat üzvü Elsi Hastinqs də qərar layihəsinin keçəcəyi təqdirdə İraqdakı ABŞ qoşunlarının vəziyyətinin çətinləşəcəyini söyləyərək erməni lobbisinin onu dilə tutmağa çalışdığını açıqlayıb. Demokrat konqresmen Stefen Kohen Türkiyə ermənilərinin patriarxı Mesrop Mutafyanın da bu qərarın əleyhinə olduğuna diqqət çəkib. Robert Veksler və Con Tanner də həmkarları ilə eyni fikirdə olduqlarını ifadə ediblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR