ŞEYXDƏN axund və imamlara XƏBƏRDARLIQ: "Buna son qoyun"

# 15:18
30 oktyabr 2013

"Elə məscidlər var ki, orada axund və ya imam moizə oxumaq üçün öz əvəzinə ya qardaşını, ya dostunu, ya da hansısa yaxınını minbərə çıxarır. Yəni ona etibar edilən vəzifəni icra etmir, öz vəzifəsini təsadüfi adamlara tapşırır. Mən bir dəfə demişəm və bu dəfə də son olaraq həmin axund və imamlara xəbərdarlıq edirəm ki, buna son qoysunlar". 

 

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsində Məhərrəm ayı münasibətilə keçirilən tədbirdə bildirdi. Şeyxülislam həmin insanların cəzalandırılacağını və əgər hansısa axund və ya imam öz vəzifəsini icra edə bilmirsə, hər şeydən əvvəl ərizəsini yazıb işdən çıxması barədə xəbərdarlıq etdi. 

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri onu da bildirdi ki, məzhəblər arasında iğtişaş salmaq istəyən qüvvələr var: "Mən qəti çağırış edirəm ki, buna imkan yaratmamalıyıq. Bizim hamımızı birləşdirən Allahdır, Qurandır, Peyğəmbərdir və imamlardır. Biz bunların kölgəsinin altında axirətimizi qazanmaq istəyirik”.

 

Allahşükür Paşazadə Məhərrəm ayı ilə bağlı əhaliyə müraciət edərək bildirdi ki, Azərbaycanda yetərincə məscid var və noyabrın 14 də - Aşura günü bir sıra insanların küçələrdə yürüş etməsi yol verilməzdir. Eyni zamanda müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, İslamda bəyənilməyən hərəkətlərə yol verilməməlidir: "Qurşağadək soyunaraq, zəncir və ya başqa alətlərlə bədənə xəsarət yetirməklə qan çıxarmaq kimi  İslamda bəyənilməyən hərəkətlərə yol verilməməlidir".

 

Səhiyyə Nazirliyi ilə birgə hər il olduğu kimi bu ildə məscidlərdə qan vermə aksiyası həyata keçiriləcək.

 

Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı fətva verib. Bu il Məhərrəm ayı noyabrın 5-də başlayır, Aşura isə noyabrın 14 nə təsadüf edəcək.  

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR