Nazir müavini: "Qeysəriyyə əməliyyatı edən həkimlər..." - QADAĞA

# 15:57
31 oktyabr 2013

"Azərbaycanda ildən-ilə ana və uşaq ölümü halları azalır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanda bu il ana ölümü 2 dəfə azalıb". APA TV-nin məlumatına görə, bu barədə səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. Son 10 ayın statistikasına əsaslanan nazir müavininin sözlərinə görə, ötən ilin 10 ayı ərzində 23 ana ölümü faktı qeydə alınmışdısa, bu il həmin rəqəm 21 fakt təşkil edib.

“Hər bir ana ölümü Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılır. Bu məsələ ilə bağlı hər bir fakt Səhiyyə Nazirliyi ilə yanaşı, hüquq-mühafizə orqanları tərəfindən də araşdırılır. Azərbaycanda qeydə alınan 21 ana ölümü faktının səbəbi təkcə həkimlərin səhlənkarlığı deyil”.

Nazir müavini deyir ki, Səhiyyə Nazirliyi həkimlərin səhvi üzündən baş verən halları araşdırıb və həmin həkimlər cəzalandırılıb. Həmin həkimlər ya aşağı vəzifəyə keçirilib, ya da işdən azad olunublar.

Ölkədə doğuşların sayının da əhəmiyyətli dərəcədə artdığını vurğulayan nazir müavini Azərbaycanda əhalinin artım əmsalının 12-dən yüksək olduğunu deyib.

Elsevər Ağayev Milli Məclisin Qeysəriyyə əməliyyatı ilə bağlı qəbul etdiyi qanun layihəsinə münasibət bildirərək deyib ki, bu, vaxtında atılmış bir addımdır. Yeni qanun layihəsində cərimə sanksiyaları nəzərdə tutulub və tibbi göstəriş olmadan Qeysəriyyə əməliyyatını həyata keçirən həkimlər və tibb müəssisələri cəzalandırılacaqlar.

Nazir müavini deyib ki, doğuşa gələn anaların əksəriyyəti Qeysəriyyə əməliyyatlarına üstünlük verir.

Apteklərdə saxta dərmanların satışının əhəmiyyətli dərəcədə azalması məsələsinə də toxunan nazir müavini deyib ki, dərmanların vahid qiymətə satılması ilə bağlı hazırda sənədlər paketi Nazirlər Kabinetinə təqdim edilib.


 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR