Salyanda "Volkswagen” "KamAZ"la toqquşdu, 2 NƏFƏR ÖLDÜ

# 10:24
5 noyabr 2013

Salyan rayonunda dəhşətli yol qəzası baş verib. APA TV-nin xəbərinə görə, hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dəhşətli qəza ötən gün axşam saatlarında Ələt-Astara magistral yolunun 63-cü kilometrliyində, Salyan rayonunun Marışlı kəndi istiqamətində qeydə alınıb.

 

Bakı şəhər sakini, 34 yaşlı Kamil Əmiralı oğlu Əliyev idarə etdiyi "KamAZ" markalı yük maşını ilə Astara istiqamətində hərəkətdə olarkən sərt döngədə qarşıdan gələn “Volkswagen” markalı mikroavtobusla toqquşub. Zərbə güclü olduğundan hər iki maşın yoldan kənara düşüb. Nəticədə “Volkswagen”in sürücüsü, Bakı şəhər sakini Hüseyn Abbasov və mikroavtobusda olan Bakı şəhər sakini Natella Quliyeva hadisə yerində aldıqları xəsarətdən ölüblər. "KamAZ"-ın sürücüsü və mikroavtobusda olan 2 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Hadisə yerinə yol polisi əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin “Muğan” regional mərkəzinin xilasediciləri və təcili yardım maşını gəlib. Mikroavtobusda sıxılıb qalmış sürücünün meyitini xilasedicilər maşından çıxarıb və aidiyyati üzrə təhvil verib. Xəsarət alanlar isə Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanada onlara ilk tibbi yardım göstərilərək travmatologiya şöbəsində yerləşdirilib.

   

Qəzanın səbəblərinə gəlincə, mikroavtobusun sürət həddinin yüksək olması ehtimal olunur. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR