15 il öncə yaranan "Yeni Çağ": HANSI YENİLİKLƏR OLACAQ?

# 15:35
5 sentyabr 2022

Bu gün Azərbaycan mediasında ilklərə imza atan "Yeni Çağ" Media Qrupu 15 yaşını qeyd edir.

 

APA TV olaraq biz də həmkarlarımızı təbrikə getdik. Obyektivlik və operativlik prinsiplərini özlərinə prioritet seçən yeniçağçılar Azərbaycan, Türkiyə türkcəsində və Rus dilində oxucularını informasiyalarla təmin edirlər. Gərgin iş günündə vaxt edib bizimlə öz təəssüratlarını bölüşən "Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Əlsəgər bildirdi ki, 15 il müddətdə media qurumu olaraq bir çox uğurlar əldə olunub. Ən böyük hədəfləri isə dünya mediasının bir parçası olmaqdır: “Öncəliklə Vüsalə xanıma və APA-ya təşəkkür edirik. İlk gündən bizim yanımızda olan media qurumlarından biri APA olub. 15 yaş yeniyetmə, gənc deməkdir. Amma ilk illərdə, yəni ki, uşaq olarkən tanınmaq üçün, daha geniş platformalara çıxış əldə etmək üçün mütləq dostların dəstəyinə ehtiyac var idi. 15 il ərzində qarşıya qoyulmuş məqsədlərə doğru irəlilədik. Bir çox nəzərdə tutduğumuz hədəflərə çatdıq. Hər bir türk kimi bizim də “qızıl alma”mız var. O hədəfə doğru da irəliləyirik. 2007-ci ildə sentyabrın 5-də “yenicag.az” saytının açılışını etdik. Ən böyük hədəfimiz dünya mediasının bir parçası olmaqdır və Azərbaycan brendi olaraq dünyada tanınmaqdır”.

 

Saytın türk və rus bölməsinin türk və rusdillilər üçün, xüsusən də Asiyadakı türk ölkələrinin daxili xəbər bazarına hesablandığını deyən Aqil Əlsəgər qeyd edib ki, bu, qazax, qırğız və özbəklər üçün alternativ xəbər mənbəyi deməkdir: “Bizim üçün daxildəki rusdilli seqmentdənsə Orta Asiyanı nəzərdə tuturuq. Çünki orada çox ciddi  boşluq var. Rus mediasının tamamilə təsirində olan bizim qazax, qırğız və özbək qardaşlarımız var və onlar üçün alternativ xəbər mənbəsi olmaq yolunda addımlayırıq. Təbii ki, bizim bu fəaliyyətimiz də 44 günlük Vətən  savaşında illərdən gələn əməkdaşlığımızda ciddi faydasını gördük. Şimali İraqdakı “Rudav” telekanalından Çexiyadakı, Ukraynadakı həmin vaxtadakı Qarabağla bağlı həqiqətləri erməni dezinformasiyasının qarşısında bizim xəbərlərimizi verməyə nail olduq. Bu da illərdən gələn əməkdaşlığın nəticəsidir. Eyni zamanda Türkiyə mediası ilə çox yüksək səviyyədə əlaqələrimiz var”.

 

Aqil Ələsgərin sözlərinə görə, yeni mövsümdə internet televiziya üzərindən “Yeniçağ TV” olaraq bir çox yeniliklər planlaşdırılmaqdadır.

 

Ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ xəbərlər, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videoxəbərlərlə gündəmdə qalan saytın əməkdaşları da bu gün öz təəssüratlarını bizimlə bölüşdülər.

 

Biz də öz növbəmizdə həmkarlarımızı təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq.

 

FUAD SADIQOV

KAMRAN NAMAZOV

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR