16 yaşlı qızını itirən ana 22 yaşlı oğlunu da itirmək üzrədir - SOS

# 17:24
4 iyul 2022

Şamaxı rayonunun Dağ Bağırlı kənd sakini, 2000-ci il təvəllüdlü Abdurrəhimov Cabbar Faiq oğlu ürək xəstəliyindən əziyyət çəkir, birinci qrup əlildir.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, yataq xəstəsi olan bu gənc oğlan ürək qüsurlu doğulub və edilən müalicələrə baxmayaraq son vaxtlar onun vəziyyəti daha da ağırlaşaraq, ölümlə üz-üzə qalıb. Cabbarın atası Faiq Abdurrəhimov övladını Azərbaycanda bir çox xəstəxanalara apardığını, tanınmış həkimlərin qəbulunda olduğunu, lakin müalicələrin heç bir xeyri olmadığını bildirir.

 

Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi tərəfindən verilən tibbi rəyə əsasən məlum olur ki, Cabbarın ürəyində mədəciklərarası çəpərin deffekti, qulaqcıqlararası çəpərin deffekti diaqnozu qoyulub və təcili olaraq ürəyin magistral damarlarının transplantasiyası həyata keçirilməlidir. Həkimlər Cabbarın yaxın günlərdə cərrahiyyə əməliyyatı olunmazsa dünyasını dəyişəcəyini bildirirlər. Hazırda isə ölkəmizdə bu xəstənin ürəyində cərrahiyyə əməliyyatını həyata keçirmək mümkün deyil. Cabbar Abdurrəhimov valideynləri ilə birgə 2 dəfə tanınmış cərrah həkim Rəşad Mahmudovun qəbulunda olub. Rəşad həkim bildirib ki, bu xəstənin vəziyyəti getdikcə ağırlaşır, onu təcili olaraq Belarusda əməliyyat etdirmək lazımdır. Ailəyə bu xəstəliyin Almaniya və Hindistanda da müalicəsinin mümkün olduğu bildirilib. Amma bunun üçün təxminən 200 min manat maddi vəsait lazım olduğu üçün ailənin buna imkanı çatmır.

 

Ailənin Şahnurə adlı qız övladı qəflətən başında yaranan xəstəlik səbəbindən 16 yaşında dünyasını dəyişib. İkinci dəfə övlad faciəsi yaşamaq üzrə olan Cabbarın anası fəryad edir, 22 yaşlı oğlunu ölümdən xilas etmək üçün yalvararaq hamıdan kömək istəyir.

 

Maddi durumu çox aşağı olan, şəraitsiz bir mənzildə ağır vəziyyətdə yaşayan bu ailəni Faiq Abdurrəhimov fəhləliklə dolandırır, onun həyat yoldaşı isə evdar qadındır. Bu gün çarəsiz durumda qalan Cabbarın yaşamaq şansı xeyirxah insanların əlindədir. Onun gənc yaşında həyatla vidalaşmaması üçün hər kəs imkanı daxilində maddi köməklik edə bilər.

Bu məqsədlə açılan bank kartını, eləcə də yataq xəstəsi olan Cabbar və onun atası ilə əlaqə saxlamaq üçün 0507911523: 0517244463 telefon nömrələrini təqdim edirik. Ümid edirik ki, hər kəs ona yardım əlini uzadacaq, Cabbar tezliklə sağlamlığına qovuşacaq.


 

Şahnəzər Bəşirov, APA TV, Şamaxı

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR