19 yaşlı gənc ana ilk hamiləliyində üçəm dünyaya gətirdi
Qubada üçəm dünyaya gəlib.
Mərkəzdən APA TV-yə verilən məlumata görə, Siyəzən rayon sakini 19 yaşlı Qızılgül Zabitli avqustun 22-də təcili tibbi yardım maşını ilə Quba Regional Perinatal Mərkəzinə gətirilib. Gənc ananın vaxtından əvvəl doğuş təhlükəsi, 33 həftəlik hamiləlik və üçəm diaqnozu ilə mərkəzə qəbul olunub və gənc ana uşaqları dünyaya gətirib. Üçəmlərin ikisi qız üçüncüsü isə oğlan uşağıdır. Qızlar 2; 2.2 kq, oğlan isə 1.4 kq çəki ilə doğulub.
Quba Regional Perinatal Mərkəzinin direktoru Şəhla Həsənova bildirir ki, əvvəlcə körpələrin hər üçünə tənəffüs dəstəyi göstərilib: “Hazırda uşaqlar sərbəst nəfəs alır, çəkiləri artır və laborator göstəriciləri yaxşılaşır. Qızlar aktiv əmir, oğlan zondla qidanlandırılır. Hər üçün çəkisi artır, bu gün oğlan da küvəzdən ayrılır.”
Üçəmlərin anası Qızılgül Zabitlinin sözlərinə görə, o iki ildir ki, ailə qurub və üçəmlərini təbii yolla dünyaya gətirib: “Uşaqlar yaxşıdır. Həkimlər deyiblər yaxın günlərdə evə buraxılacam. Uşaqlar ailəmizə 3 qat sevinc qatdı. Bizim nəslimizdə belə hal olmayıb.”
Bu, gənc ananın ilk hamiləliyidir. On doqquz gün əvvəl doğulan körpələr yaxın günlərdə evə buraxılacaq.