20 ev təhlükədə: Sakinlər şikayət edir, aidiyyəti qurum isə vəsait yoxdur deyir

# 12:20
27 aprel 2022

Göyçayın Şəhadət kəndində fərdi yaşayış evlərinin həyətyanı sahəsi çirkab suları altında qalıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, kənddən keçən Göyçay şəhərinin köhnə kanalizasiya borusundan axan çirkab suları sakinlərin həyətyanı sahəsini, meyvə bağlarını basıb, bir neçə evin zirzəmisinə su dolduğu üçün divarlarda çatlar əmələ gəlib.

 

Sakinlərin sözlərinə görə, acınacaqlı vəziyyət üç ildir ki, davam edir. Həyətyanı sahələrdən keçən köhnə kanalizasiya xəttinin bir kilometrlik hissəsi tam yararsız hala düşüb, mütəmadi olaraq borudan axan çirkab suları 20-dən çox ailənin təxminən 10 hektar torpaq sahəsini istifadəyə yararsız hala salıb, meyvə ağaclarını qurudaraq tələf edib. Havalar isindiyi üçün hazırda kənddə bu kanalizasiya suyundan gələn pis qoxunun insanlara necə təsir etdiyini düşünmək isə heç də çətin deyil.

 

Sakinlər deyir ki, 3 il ərzində dəfələrlə aidiyyəti qurumlara müraciət etsək də, heç bir nəticəsi yoxdur. Məsələ ilə bağlı biz də Göyçay rayon Su-Kanalizasiya İdarəsinə müraciət etdik. İdarənin müdiri İlham Kərimov şifahi olaraq bildirdi ki, şəhərin su-kanalizasiya sistemi 2011-2015-ci illərdə yenidən qurulub, hazırda köhnə kanalizasiya borusundan istifadə olunmur və idarənin balansında deyil, bütün evlərin və obyektlərin kanalizasiya xətti təzə kəmərə qoşulub.

 

Göyçay Rayon İcra Hakimiyyətinin Şəhadət kənd inzibati dairəsi üzrə nümayəndəsi Kərim Seyidov isə bildirdi ki, kəndin yuxarı hissəsində yaşayan sakinlər həyətyanı sahələrini suvararkən səhlənkarlıq edirlər, bu kanalisaziya borusunun lyuk qapaqlarını açıq qoyurlar və həmin kəmərə su axır. Eləcə də kənddə bir neçə ailə sanitar qovşağın tullantı sularını bu köhnə kanalizasiya borusuna axıdırlar.

 

Kərim Seyidovun sözlərinə görə, torpağın altında olan köhnə beton kanalizasiya borusunun sökülərək həyətlərdən çıxarılması üçün küllü miqdarda vəsait tələb olunur. Ona görə bu problemin həlli yaxın vaxtda mümkün deyil. Görünür sakinlər hələ uzun müddət bu problemdən əziyyət çəkməli olacaqlar. İcra hakimiyyəti isə yüksək vəsait tələb olunur deyərək problemi yalnız kənardan seyr edəcək.

 

Şahnəzər Bəşirov, APA TV, Göyçay

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR