30 ildən sonra Qarabağda yanan çıraq - APA TV

# 16:02
11 oktyabr 2022

Yolumuz işıq gələn tərəfə - Qarabağadır. “Azərişıq”ASC tərəfindən Qarabağda enerji təsərrüfatının yenidən bərpa olunması, yeni infrastrukturun yaradılması ilə bağlı aparılan işlərlə  tanış olmaq üçün media tur iştirakçıları ilə birlikdə ilk dayanacağımız 35-0,4 kilovotluq Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi oldu.

 

Hazırda rəqəmsal yarımstansiyada tikinti işləri davam edir. Yarımstansiyanın təməli  2021-ci il oktyabrın 17-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Yarımstansiya qapalı tiplidir, istismar və idarəetmə əməliyyatları məsafədən həyata keçirilir. Burada daimi işçi heyətə ehtiyac olmur.

 

“Azərişıq”ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə deyir ki, Füzuli Rəqəmsal Yarımstansiyası qapalı tiplidir: “Rəqəmsal İdarəetmə sistemi ilə nəzarətdə saxlanılır. Bütün məlumatlar rəqəmsal formatda alınır. Ümumi platforma üzərindən nəzarət həyata keçirilir”.

 

Yarımstansiya ilə tanışlıqdan sonra yollanırıq Xocavənd rayonunun Hadrut qəsəbəsinə. Burada tikintisi davam edən “Şükürbəyli”, “Hadrut” və “Şuşa” yarımstansiyaları arasında yaradılmış 35-0,4 kilovotluq yeni Hadrut qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə mərkəzində görülən işlərlə tanış olduq.

 

Məndən arxada görürsünüz ki, Hadrut qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə mərkəzinin tikintisi sürətlə davam etdirilir. Maraqlıdır bu stansiyanın Hadrutda olmasının üstünlüyü nədir və  parametrik xüsusiyyətləri nədən ibarətdir?

 

“Azərişıq”ASC-nin Texnoloji İnnovasiyalar və Beyin Mərkəzinin müdiri Fərid Zalıyev deyir ki, ənənəvi 3 pilləli şəbəkə sistemindən dərin girişli 2 pilləli şəbəkə sisteminə keçiddir: “Bu da birbaşa itkiləri aradan qaldırır. Bu qovşaq yarımstansiyası vasitəsilə əgər ehtiyac olarsa hətta Şərqi Zəngəzur iqtisadi rayonu olan Cəbrayıl, Qubadlı və  Zəngilan rayonları da elektrik enerjisi ilə təchiz etmək mümkün olacaq. Bundan başqa, Şuşanın fasiləsiz elektrik enerjisi ilə təmin olunmağında bu yarımstansiyanın çox böyük rolu olacaq”. 

 

Son dayanacağımız isə Qarabağın incisi, mədəniyyət paytaxtı Şuşamız oldu. Daha doğrusu 2022-ci il mayın 10-da Prezident İlham Əliyevin tərəfindən açılışı reallaşan 35-0,4 kilovotluq Şuşa Rəqəmsal İdarəetmə mərkəzi.

 

Şuşa Rəqəmsal Yarımstansiyasının, elə Rəqəmsal İdarəetmə otağındayıq. Ümumi şəbəkədə baş verən qəzalar bu otaqda kompüterlər vasitəsilə idarə edilir və qarşısı dərhal alınır.

 

“Azərişıq”ASC-nin mətbuat katibi Vaqif Aydınoğlunun sözlərinə görə, SK-11 deyilən sistemin əsas məğzi ondan ibarətdir ki, qəzalar baş verənədək hansısa nasazlıqlar öncədən bilinir: “Xəttə hansısa nasazlıq yaranırsa operatorlar tərəfindən qeydə alınır paralel xətt qoşulur. Dərhal həmin ərazidə nasazlığın qarşısı alınır”.

 

Ümumilikdə isə Şuşada inşası planlaşdırılan 9 yeni müasir Transformator yarımstansiyası və Rəqəmsal idarəetmə Mərkəzinin artıq 6-sı tikilib, birinin isə açılış edilib. Digər 3 yarımstansiya isə gələn il ərzində istismara veriləcək. Bir məqamı xüsusilə qeyd edək ki, media-tur iştirakçılarının işğaldan azad edilən ərazilərdə yenidənqurma işləri ilə  bağlı hazırladığı bütün materiallar qiymətləndirilməsi üçün “Azərişıq” ASC və  Medianın İnkişafı Agentliyi tərəfindən təşkil edilən müsabiqəyə göndəriləcək.

 

Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli deyir ki, oktyabrın 11-nə kimi media-turda iştirak edən jurnalistlərin hazırladığı materiallar münsiflərə  təqdim edilməlidir: “Oktyabrın 15-də müsabiqə yekunlaşacaq. Müsabiqənin nəticələrinə görə, 5 köşə yazısı və 3 Televiziya reportajı qalib elan olunacaq və mükafatlandırılacaq”.

 

Nəticəsi hər nə olur olsun, əsas odur ki, bu gün Qarabağın gələcəyi işıqlıdır. Azad Qarabağ abad Qarabağa çevrilir. 30 ildən sonra 2021-ci il, yanvarın 7-də, gecə saat 01:30-da Şuşa işığa qərq oldu. 30 il zülmətə qərq olan Şuşamıza 37 günə “Azərişıq” işıq çəkdi. Bizi 30 ildən sonra, 44 günə torpaqlarımıza qovuşduranların ruhu da işığa qərq oldu. Elə Şuşanın dağlarındakı duman da məhz bu ərazilərə işıq çəkiləndən sonra daha aydın görünür.

 

Şuşanın dağları başı dumanlı. Bəli, Şuşa bizi dumanlı qarşıladı. Amma bu gün Qarabağımızda aparılan təmir-tikinti, yenidənqurma işləri deməyə əsas verir ki, bundan sonra istər Şuşamızın, istər Füzulimizin, istərsə də işğaldan azad edilən bütün ərazilərimizin sabahları işığa qərq olacaq.

 

AYTƏN SAKİTQIZI,

CEYHUN MUSTAFAYEV,

APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR