5 yaşında doğma evini tərk edən Şahbulaq sakini dədə-baba yurdunda
Bu gün Şahbulaq qalasındakı “Qoşa Çinar”dan və bu çinarlarla həmyaşıd olan Vasif Ədilovdan söhbət açacağıq. 33 yaşlı Vasif bu qalanın olduğu kənddə doğulub. Atası Rafael Ədilov məhz elə bu qalanın içərisində fəaliyyət göstərən restoranda kababçı işləyib. Qəhrəmanımızın sözlərinə görə, onun atası Rəfail Ədilov 1988-ci ilin noyabrında doğum evində olan həyat yoldaşından gələn “oğlun olub” xəbərini alan kimi Şahbulaq qalasında ziyafət təşkil edib və oğlunun adına bu çinarları əkib:Şükür Allahın bu gününə. Sevincimin həddi hüdudu yoxdur. Sözlə ifadə edə bilmirəm hislərimi, yəni başqa bir hislərdi. Allah şəhidlərimizə rəhmət eləsin, Allah millətimizi xalqımızı qorusun. 1988-ci ildə noyabrda əkilib. Payız vaxtı əkilib. Atam əkibdi bunu burda. Bizim qohumlar burada işləyibdi. Kənd burda qalanın 200-300 metrliyində yerləşir. Bulağın yanında...
Daşında, torpağında, hər ağacında, hər çiçəyində bir soydaşımızın xatirəsi olan tarixi torpaqlarımız işğal altına düşdükdən sonra elə bu çinarlar da bir xatirəyə çevrilib. Nagüman taleyi olan qoşa çinar Vətən həsrəti kimi böyüyüb, kök atıb Ədilovlar ailəsinin köksündə. O deyir ki, bu qovuşmanı sözlə ifadə etmək çox çətindir: Ürəyimdən möhkəm qışqırmaq keçir, evimizə qaçmaq keçir, kəndimizi gəzmək keçir, dağımıza çıxmaq keçir – Şahbulağa. Yəni burda qalmaq keçir. Burdan heç yana getmək istəmirəm. Evimizə qayıtmaq istəmirəm. Yəni icazə versələr evə getmərəm burda qalaram, səmimi deyirəm. Təmiz hisslərimdi. Yəni, səbirsizliklə gözləyirik ki, öz doğma Vətənimizə qayıdaq. Yəni, 33 yaşım var. Bu hissləri yaşamamışdım.
Vasif Ədilov yerdə qalan ömrünün hamısını doğma kəndində yaşamağa, burada qurub-yaratmağa həsr edəcəyini deyir. Şahbulaqdan beş yaşında çıxan Vasif indi kəndinə beş aylıq körpəsi ilə dönməyə hazırlaşır. Artıq çətin günlər geridə qaldı, xalq öz dədə-baba yurduna dönür. Özü də daha güclü, daha möhtəşəm.
Habil Aslanoğlu, Elgün Gəncimsoy, Ziya İsmayıloğlu – APA TV – Ağdam
DİGƏR XƏBƏRLƏR

Erməni deputatlar Laçınla bağlı layihədən imtina etdilər

Naxçıvanda bayram axşamı kütləvi zəhərlənmə / “APA XƏBƏR” - 15:00

Sabah hava dəyişəcək
