67 müəllim niyə işdən çıxarıldı? – KOLLECDƏN AÇIQLAMA

# 17:53
2 oktyabr 2021

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin 67 müəllimi işdən çıxarılıb. Çıxarılan müəllimlərdən 46-sı ali təhsilli müəllim, 21 orta ixtisas təhsilli şəxslər, 5-i isə şöbə müdirləridir.

APA TV xəbər verir ki, işlərini itirən müəllimlər hüquqlarının pozulduğunu bildirirlər.

Sənəm Ramazanlı kollecdən xaric edilən 67 müəllimdən biridir: “Mən 2019-cu ildə Təhsil Nazirliyinin əmri ilə müddətsiz işə qəbul olmuşam.  İndi isə 2019-cu ildə işə qəbul olan müəllim kolleqalarıma deyirlər ki, sizi 2019-cu ildə qeyri-qanuni işə götürüblər. Biz də deyirik necə olur ki, bizi müddətsiz işə qəbul edirlər amma sonra deyirlər səhv olub”.

Müəllimlərin iddiasına görə, işdən çıxarılmaqla bağlı onlara məzuniyyətdən işə qayıtdıqları gün xəbərdarlıq ediblər. Əmək məcəlləsinə əsasən işçi işdən çıxarılarkən ən azı 30 gün müddətində ona məlumat verilməlidir. 

- 2010-cu ildən Bakı Humanitar kollecində fəaliyyət göstərirəm. Bir lobarant, 7 il müəllimə 3 il də şöbə müdiri işləmişəm. Sentyabr ayının 10-da məzuniyyətdən işə qayıtdığımız zaman direktor müavini Kamran Mənsimov bizə dedi ki sizin işinizə xitam verilib. Biz də ona dedik ki, işdən çıxarılanda heç olmasa 2 ay əvvəldən bizi xəbərdar etməli idiniz. Bəlkə mən gedib özümə başqa bir iş tapacaqdım.

 

- Mən də 2018-ci ildən bu təhsil müəssisəsində xanəndə sənəti üzrə müəllim işləyirəm. Məlum olur ki guya 47 müəllim 2019-cu ildə qeyri qanuni işə götürüldüyünə görə, işdən xaric olunur. Bəzi müəllimlərə səbəb göstərirlər ki, ixtisas üzrə dərs yoxdur. Şöbələr bağlanıb.

Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov hazırda sözü gedən məsələ ilə bağlı Nazirliyin hər hansı bir mövqeyinin olmadığını və kollecə müraciət etməli olduğumuzu bildirdi.

Humanitar Kolleclə əlaqə saxladıq. Kollecin tədris işləri üzrə direktor müavini Kamran Məsimov bildirdi ki, 2021-ci ildə publik hüquqi şəxs kimi qeydiyyatdan keçən kollecdə bir sıra təşkilati dəyişikliklər həyata keçirilməkdədir. Onun sözlərinə görə, bu dəyişikliklər nəticəsində Kollecin işinin daha səmərəli və optimal qaydada təşkili məqsədilə bir sıra struktur bölmələri yenidən təşkil olunur və bu bölmələrdə çalışan müəllimlərə dərs saatları təklif edilir. Direktor müavini əlavə edib ki, bundan əvvəl cəmi 1400 tələbəsi olan təhsil müəssisəsində dərs deyən müəllimlərin sayı 320 nəfər təşkil edib, bu da orta ixtisas təhsil müəssisələrinin müvafiq nümunəvi ştat cədvəllərində nəzərdə tutulmuş saylara uyğun deyil. “Müəyyən edilib ki, Humanitar Kollecin müəllimləri arasında bəzi müəllimlər orta ixtisas müəllimlərdir ki, bu da qanunvericiliyin tələblərinə ziddir”- deyə Kamran Məsimov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR