87 yaşlı qadın evdə yanaraq öldü
Ağdaş rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə rayonun Aşağı Ləki kəndində qeydə alınıb. Ümumi sahəsi 234 m² olan bir mərtəbəli, 2 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Ağdaş Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı evin 154 m² sahəsindəki yanar konstruksiyaları və içəridəki əşyalar yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1935-ci il təvəllüdlü Həşimova Bəsdə Eybur qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat işləri aparılır.
Şahnəzər Bəşirov