8800 manat kimlərə verilir? - NAZİRLİK AÇIQLADI

# 19:06
3 avqust 2022

Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək proqramına start verildi. Nazirlər Kabinetinin yeni təsdiq etdiyi Qaydaya uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təkcə 44 günlük Vətən müharibəsi deyil, Birinci Qarabağ müharibəsi iştirakçılarına da birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. Proqram “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun qüvvəyə mindiyi 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuları və daxili işlər orqanları əməkdaşlarını, onlardan vəfat edənlərin vərəsələrini əhatə edir. ƏƏSMN-nin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Elnur Abbasov deyir ki, birdəfəlik ödəmələrin verilməsi praktiki qaydada təyinata uyğun şəkildə həyata keçirilir: “Bu şəxslərdən heç bir sənəd tələb etmirik. Birinci dərəcəli əlilliyi müəyyən edilmiş şəxslərə 8800, ikinci dərəcəli əlilliyi müəyyən edilmiş şəxslərə 6600, üçüncü dərəcəli əlilliyi müəyyən edilmiş şəxslərə isə 4400 manat verilir. Kimlərsə bizdən sosial ödəniş alırsa, vəsait həmin karta köçürüləcək. Kiminsə yoxdursa, onlar ABB istənilən filialından şəxsiyyət vəsiqəsi ilə adsız kartları əldə edə bilərlər. Bu məqsədlə birinci ödəmə tranşında 70 milyon vəsait xərclənəcək”. Bəli, danılmaz faktdır ki, bu gün sağlamlığını Vətən uğrunda itirən Qarabağ əlillərinin mənzil-məişət şəraitləri də yaxşılaşdırılır. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir və ilbəil artmaqdadır. Hazırda 11 min şəxsi əhatə edən birdəfəlik ödəmələrin verilməsi də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Zəka Mirzəyev APA TV-yə bildirdi ki, qanuna əsasən birdəfəlik ödəmələrin verilməsi 1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə şamil edilir. Lakin 1997-ci ildən sonra da əlilliyi müəyyən edilmiş, sonradan sığorta ödənişi alan, lakin həmin ödənişin məbləği qaydalarda göstərilən 8800, 6600 və 4400 manatdan aşağı olan şəxslər də birdəfəlik ödəmələrlə təmin edilirlər. O ki qaldı vəfat edən şəxslərin vərəsələrinin birdəfəlik ödəmə ilə təmin edilməsinə: “O şəxslərin vərəsələri müvafiq notariuslardan vərəsəlik şəhadətnaməsini aldıqdan sonra onlara paraktiv qaydada ödənişlər olunacaq. O şəxslər ki, bu gün ödəniş həyata keçirilmiş 11 min şəxsin içində adı yoxdursa, aidiyyatı qaydada DOST Agentliyinə və DSMF-na müraciət edərək, xəsarətin dərəcəsi ilə bağlı şəhadətnaməni, əlilliyin müəyyən edilməsi ilə bağlı arayışlarla müraciət edib, ödənişi ala biləcəklər”. APA TV ilə təssüratlarını bölüşən I Qarabağ müharibəsi qaziləri düşünürlər ki, bu addım ölkə başçısının mənəvi dəyərlərə verdiyi önəmin bariz nümunəsidir. Onlar əmindirlər ki, dövlətin şəhid ailələri və qazilərlə bağlı sosial siyasəti bundan sonra da davam edəcək. Xatırladaq ki, 11 minə yaxın Birinci Qarabağ Müharibəsi qazisinə 67 milyon manat birdəfəlik müavinət verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR