AAYDA-nın ayın ümidinə qalan yolları - Ələt-Astara yolunda qaranlıq işlər – APA TV

# 18:35
7 oktyabr 2022

Sürücülər 2018-ci ildə istifadəyə verilən Ələt – Astara - İran dövlət sərhədi avtomobil yolundan narazıdır.

Yox, yox, bu dəfə yol sıradan çıxmayıb. Amma nə məsələdirsə magistralın salınması zamanı, nəqliyyat vasitələrinin rahat hərəkəti üçün yolda işıqlandırılma sistemi və geridönüşlər nəzərə alınmayıb. Bunu biz yox, dərdini, gileyini APA TV-nin mikrofonlarına danışan sürücülər deyir. Onların sözlərinə yolda sürət həddi 110 km /saat olsa da, gecələr 60 – 80 km / saatla sürürlər. Başqa çarə də yoxdur. İşıq yox, heyvanlar da yolun üstündə.

Sürücüləri narahat edən digər məsələ isə geri dönmə hissələri məsafələrinin uzaq olmasıdır. Elə bil ki, yol uzunu geri dönmə hissələri ya yaddan çıxıb, ya da məsafə bilərəkdən uzadılıb. Ya da ki, sanki yaxınlıqdakı yanacaqdoldurma məntəqələri ilə razılışdırılmış müqavilə imzalanıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli ilə əlaqə saxladıq. Soruşduq ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yollarda nə sınaq aparır? Niyə bu yollarımız zülmətə qərq olub? Bu qurum biçarə camaatdan nə istəyir ki, bütün yollarımızda geri dönmə nişanları arasında kilometrlərlə fərqlər var? Qurum rəsmisinin cavabı belə oldu:

Qurum rəsmisinin cavabından sonra google-da “ola bilsin” nəzəriyyəsini axtardıq, dedik bəlkə belə bir nəzəriyyə var, bizim xəbərimiz yoxdur. Çünki bu qurumun işi çətinə düşən kimi cavablar ya “ola bilsin”nə əsaslanır, ya da “yaxın gələcəkdə” ümidi ilə bitir. Düzdü google axtarışımıza uyğun olan bir xeyli link təklif elədi, amma heç biri yolların tez bir zamanda işıqlandırılması ilə bağlı məsələni çözmək iqtidarında deyildi. Bu işin həlli Azərbaycan Avtomobil yolldarı Dövlət Agentliyinin əlindədir, onun da sanki belə qaranlıq işlərdən xəbəri yoxdur.

Yox, elə düşünməyin ki, hörmətli həmkarımız Anar Nəcəfli ilə ədavətimiz var. Bizim sualımız Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinədir: Ay hörmətli qurum, necə olur ki, bu cür gözəl yol qurulandan bəri işıqlandırma sistemi bərbad haldadır, sürücülər yol qırağında salamat heyvan qoymayıb, amma AAYDA-nın bircə əməkdaşının da yolun zülmətindən xəbəri yoxdur? O boyda dövlət Agentliyisiniz, işinizi necə qurmusunuz ki, sözcünüz sizi müdafiə eləmək üçün söz tapmır?

Uzun sözün qısası, hörmətli AAYDA, əgər elektrik enejisi ilə olan işıqlandırmaya nəzarət edə bilmirsinizsə, alternativ enerji mənbələrindən istifadə edin, günəşpanelli işıq dirəklərini nəzərdə tuturuq. Bu barədə də məlumatınız yoxdursa siz də google axtarış sisteminə müraciət edin. Ola bilər də, hamı hər şeyi bilməyə məcbur deyil. Amma hamı öz işini görməlidir. Özü də işıq düşən yerdə.

İlkin Rzayev

Rövşən Almazoğlu

APA TV / Lənkəran, Masallı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR