ABŞ-dan Azərbaycana xüsusi itlər gətirildi

# 18:56
1 dekabr 2021

ABŞ-ın Marşal İrsi İnstitutu (Marshall Legacy Institute, MLI) tərəfindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) daha 8 minaaxtaran it göndərilib.

 

APA TV-nin məlumatına görə, itləri gətirən təyyarə bu gün hava limanına enib. Bununla da Marşal İrsi İnstitutundan ANAMA-ya verilən itlərin sayı 20-yə çatıb. İtlər işğaldan azad edilən Qarabağda minatəmizləmə əməliyyatlarına qatılacaq.

 

ANAMA-nın təlim və keyfiyyətə təminat üzrə aparıcı-mütəxəssisi Fikrət Əliyevin sözlərinə görə, itlər burda müəyyən təlim keçəndən sonra minaların axtarışına cəlb olunacaqlar: “Bu itləri biz gələndən sonra bir neçə həftə də ola bilər, bir aya qədər də ola bilər ki, yaşayış yerini dəyişdiyinə görə, müxtəlif ölkədən gəldiyinə görə, itlər karantində saxlanılacaq. Sonra onlar bizim bələdçilərimizə təqdim olunacaq. Onların arasındakı bağın yaradılması üçün, yəni bir-birini anlaması üçün onlar bir müddət təlimə cəlb olunacaqlar. Ona biz birgə təlim deyirik. Təlimdən sonra yenə də bizim akkreditə olunacaq, bələdçi və it. Akkreditə olunandan sonra onlar artıq əməliyyata buraxılacaqlar”.

 

Yerdə qalan 10 baş itin agentliyə təhvili 2022 – 2023-cü illərdə gözlənilir.

Xatırladaq ki, bu ilin 26 avqust tarixində imzalanmış Anlaşma Memorandumu çərçivəsində, Marşal İrsi İnstitutu tərəfindən ANAMA-ya veriləcək itlərin sayı 30-dur.


Göndərilən itlərin 6-sı ANAMA-nın, qalan 2-si isə Marşal İrsi İnstitutu tərəfindən cəlb edilən donorların maliyyə dəstəyi ilə alınıb.


Öncədən göndərilən minaaxtaran itlər Agentliyin Horadiz Regional Mərkəzində öz bələdçisi ilə uyğunlaşma təlimi və Beynəlxalq Minatəmizləmə Standartları (IMAS) üzrə akkreditasiyadan keçərək, işğaldan azad edilən ərazilərdə əməliyyatlara cəlb olunublar.


 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR