Ağdam və Kəlbəcərdən 4 qutu sümük qalıqları gətirilib

# 17:35
30 avqust 2022

Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birgə I Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımıza aid altı yüksək coğrafi dəqiqlikli məzar yerində insan qalıqlarının ekshumasiyasına dair birgə pilot layihə həyata keçiriləcək.

 

APA TV-nin  xəbərinə görə, bunu bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkilatçılığı ilə 30 avqust Beynəlxalq İtkinlər Gününə həsr edilmiş “İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov bildirib.

 

İsmayıl Axundov deyib ki, hazırda Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə I Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımıza aid altı yüksək coğrafi dəqiqlikli məzar yerində insan qalıqlarının ekshumasiyasına dair birgə pilot layihənin həyata keçirilməsi planlaşdırılır: “İtkin düşmüş şəxslərin sonrakı taleyinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dövlət Komissiyasının qarşısında mühüm vəzifələr müəyyən etmişdir. Bu istiqamətdə son illərdə keçirilmiş yüksək səviyyəli görüşlərdə və müxtəlif platformalarda dəfələrlə qaldırılmasına və müzakirə edilməsinə baxmayaraq, Ermənistan tərəfi I Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid məzar yerləri barədə məlumatları təqdim etmir”.

 

İsmayıl Axundov deyib ki, şübhəsiz ki, itkin düşmüş şəxslər barədə əsas məlumatlar məhz Ermənistan tərəfdədir: “Ötən ilin dekabr ayında Ermənistan Parlamentinin deputatı, Ermənistan Müdafiə nazirinin keçmiş müavini general-leytenant Qaqik Melkonyan Ermənistan kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə 1994-cü ildə Azərbaycan Ordusunun həlak olaraq döyüş meydanında qalmış yüzlərlə hərbi qulluqçusunun dəfn yerini bildiyini ifadə edib. Bununla bağlı beynəlxalq təşkilatların vasitəsi ilə verdiyimiz rəsmi sorğulara isə Ermənistan tərəfi cavab verməyib”.

 

O qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə edilmiş zəfərdən sonra yaranmış yeni situasiyada I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı müəyyən tədbirlər həyata keçirilib.

 

Bundan başqa “10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan sonra həyata keçirilmiş birgə tədbirlər nəticəsində 1713 Ermənistan hərbçisinin meyiti tapılaraq ərazidən götürülüb və qarşı tərəfə təhvil verilib.

 

İsmayıl Axundov deyib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına əsasən, I Qarabağ müharibəsi zamanı 776 nəfər, II Qarabağ müharibəsi zamanı isə 345 erməni əsilli şəxs itkin düşmüş hesab edilir.

 

Eyni zamanda 3315 itkinin ailə üzvlərindən 10309 bioloji nümunə toplanıb, 1024 bioloji nümunə üzrə profillər çıxarılıb.

 

O qeyd edib ki, hazırkı şəraitdə itkinlərin taleyinin müəyyən edilməsinə mane olan əsas faktlar isə qarşı tərəfin dəfn yerləri barədə məlumatları təqdim etməməsi və işğaldan azad edilmiş ərazilərə çoxsaylı minaların olmasıdır: “Məlumata görə, işğaldan azad edilmiş ərazilərdə Ermənistan hərbçiləri tərəfindən 1 milyondan çox mina basdırılıb”.

 

Prezident Administrasiyasının sektor müdiri Həbib Mikayıl bildirib ki,  Azərbaycan ərazilərinin azad olunması itkin düşmüş şəxslərin axtarışı üçün yeni imkanlar yaradıb. Edili və Fərruxda kütləvi məzarlıqlar aşkarlanıb. İkincisi, münaqişə bitib və Azərbaycan Ermənistanla itkin düşmüş şəxslərlə bağlı da danışıqlar aparır. Brüsseldə danışıqların gündəliyinə itkin düşmüş şəxslərlə bağlı məsələ də daxil edilib.

 

Həbib Mikayıl deyib ki, Ermənistan itkin şəxslərin kütləvi qətlə yetirilməsi ilə bağlı hallar hərbi cinayət kimi xarakterizə oluna biləcəyindən çəkindiyi üçün kütləvi məzarlıqların yeri barədə məlumatları təqdim etmir.

 

Həbib Mikayıl qeyd edib ki, BQXK 37 azərbaycanlı itkini qeydə alıb, ancaq bu itkinlərin sonrakı taleyi hazırda məlum deyil.

 

Həbib Mikayıl nəzərə çatdırıb ki, Azərbaycan və Ermənistanın bu sahədə səmimi əməkdaşlığı ən effektiv yol ola bilər.

 

Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov qeyd edib ki,  keçən həftə Ağdam və Kəlbəcərdən 4 qutu sümük qalıqları gətirilib.

 

Ədalət Həsənov deyib ki, həmin sümük qalıqları protokollaşdırılıb və məhkəmə-tibbi müayinəsi bu həftə həyata keçiriləcək.

 

İtkin düşmüş şəxslərin skelet qalıqları üçün xüsusi depolar yaradıldığını deyən nazirlik rəsmisi qeyd edib ki, Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən yalnız I Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin skelet qalıqlarının öyrənilməsi, müayinəsi və sonradan saxlanılması üçün xüsusi şəraitə malik yerdə depolar yaradılıb. Skelet qalıqları orda saxlanılır.

 

Ədalət Həsənov deyib ki, Səhiyyə Nazirliyi tərəfindən bu məqsədlə ayrıca yer ayrılıb.

 

Hərbi Prokurorluğun xüsusi istintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi Emil Ağayev bildirib ki, azad edilmiş ərazilərdə aparılan tikinti-bərpa işləri zamanı 18 müxtəlif yerdə ən azı 29 şəxsə aid meyit qalıqları aşkar edilib.

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR