Ağsunun Ərəbuşağı və Ağalarbəyli kəndlərinin sakinləri yol problemindən əziyyət çəkir

# 12:55
6 oktyabr 2021

Kadrlarda görünən bu bərbad yol Ağsu rayonunun Ərəbuşağı və Ağalarbəyli kəndlərinin sakinlərinin narahat edir. Uzun illər bu yollarda əziyyət çəkən vətəndaşlar orada təmir işlərinin aparılacağı günü səbirsizliklə gözləyir.

APA TV-nin yerli bürosunun xəbərinə görə, sakinlər deyir ki, 33 ildir ki, istifadə olunan bu yol heç vaxt əsaslı təmir edilməyib. Yayda toz, qışda isə palçıq səbəbindən yolda hərəkət etmək mümkün olmur. 

- Bizim yolumuz yoxdu, uşaqları məktəbə apara bilmirik, xəstəni həkimə vaxtında apara bilmirik, maşınlar çox gec hərəkət edir.

Yağışdan sonra yolda gölməçələr və lil qatı əmələ gəlir, piyadaların və avtomobillərin hərəkəti çətinləşir.

-Yolumuz pis vəziyyətdədir, məktəbə gedəndə ayaqlarımız palçığa batır. Müəllimlər bizi sinifə buraxmır ki, üst-başınız pis gündədir.

Evində xəstəsi olan vətəndaşlar təcili tibbi yardım stansiyasına müraciət etdikdə avtomobillər narahat yola görə, bu kəndlərə çox gec gəlib çatır. Bu bərbad yolda hərəkət edən avtobusların, taksi xidməti göstərən avtomobillərin ehtiyat hissələri tez-tez xarab olduğuna görə sərnişinlər yolda qalır. 

- Məcbur olduğumuz üçün bu kəndə gəlib gedirik, çünki əlac yoxdur, yaşayış yerimiz buradır. Yollar bərbad olduğu üçün maşını həftədə bir dəfə təmir etdirirəm. Yollarda hərəkət qış aylarında lap çətin olur.  

Vətəndaşlar bildirir ki, bu yolun təmiri ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da müsbət nəticə əldə edə bilməyiblər. Məsələ ilə bağlı Ağsu rayon İcra Hakimiyyətindən bildirilib ki, sözü gedən yolun gələn il təmir ediləcəyi gözlənilir. Hər halda əsas odur ki, yolun təmiri nəzərdə tutulub. Minə dözən min birə də dözər. Odur ki, sakinlərə bir qədər də səbir etmək qalır.

Şahnəzər Bəşirov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR