Ailənin ən balacasının ömründən böyük vətən sevgisi...

# 12:45
11 oktyabr 2021

44 günlük haqq savaşında Vətəni canından daha üstün tutan igidlərdən biri də Sərxan Mirzəmmədov oldu. Sərxan Vətən müharibəsinin ilk günlərindən düşmənə qarşı döyüşüb. Ağdərə istiqamətində gedən şiddətli döyüşdə şəhidlik zirvəsinə ucalan qəhrəman, ölümündən sonra dörd medalla təltif edilib.

 

Sərxan Osman oğlu Mirzəmmədov 3 avqust 1998-ci ildə Xaçmazın Mirzəmmədkənd kəndində anadan olub. Sərxangil ailədə 3 qardaş bir bacı idi. Qardaşlar arasında ən kiçiyi olan Sərxanı hamı  mehriban, qayğıkeş, eyni zmanda cəsur və vətənpərvər biri kimi xatırlayır.

 

Hərbçi peşəsinə yiyələnən Sərxan Vətən müharibəsinin ilk günlərindən silaha sarılaraq torpaqlarımızın azadlığı uğrunda döyüşlərə atılıb. Xüsusi təyinatlı kiçik çavuş Sərxan Mirzəmmədov həmlə qruplarında yer alıb. Murov silsiləsindəki yüksəkliklərin, Talış və Suqovuşanın, Xocavəndin düşmən tapdağından azad olunmasında şücaət göstərib.

 

 Şəhidin atası Osman Mirzəmmədov deyir ki, Sərxan qəhrəmanlıqla savaşıb: “Döyüş yoldaşlarının dediyinə görə onun şəhid olduğu yerdə ermənilərin yüksək rütbəli zabitlərinin meyitləri tapılıb. Sərxan son damla qanınadək vuruşaraq erməni zabitlərini məhv edib. Mən oğlumla fəxr edirəm”.

 

Cəsur döyüşçü oktyabrın 10-da şəhidlik zirvəsinə ucalıb. Sərxan Mirzəmmədov uzun müddət itkin düşmüş sayılıb. Ölümündən iki ay sonra şəhidin yerini müəyyən etmək mümkün olub. Sərxan doğulub boya-başa çatdığı Mirzəmmədkənd kəndində dəfn edilib.

 

Şəhidin anası Bibixanım Mirzəmmədova Sərxanın tez-tez yuxusuna gəldiyini deyir: “Onun şəhid olduğunu gördüm. Yuxudan ayıldım. Səsimi çıxara bilmədim. Evdən çıxıb bağa getdim. Allah dua edirdim ki, Sərxana bir şey olmasın. Amma yuxum çin çıxdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.”

 

Sərxan Mirzəmmədov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

 

Vəli Turan, Mayis Allahverdiyev, APA TV XAÇMAZ

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR