"ASAN Xidmət"dən 3 min gəncə jest

# 18:06
3 iyun 2022

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tableyindəki  DOST Agentliyinin "Könüllü DOST" proqramının 3 illiyinə həsr olunmuş "Sosial sahədə könüllülük" forumu öz işinə başlayıb. Forum "Könüllü DOST" proqramının təşkilatçılığı, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin, Azərbaycan Gənclər Fondunun və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə baş tutub. Tədbir əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərginin nümayişi ilə başlayıb. Ardınca təşkil edilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, təhsil naziri Emin Əmrullayev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər. Sahil Babayev "Könüllü DOST" proqramının iştirakçılarını proqramın 3 illiyi münasibətilə təbrik edib. O, ölkəmizdə könüllülük hərəkatının genişlənməsində "Könüllü DOST" proqramının önəmini diqqətə çatdırıb.

Nazir Emin Əmrullayev də çıxışında DOST mərkəzlərindəki könüllülərin xüsusi qayğıya ehtiyacı olan şəxslərə yardım etmək kimi nəcib işlə məşğul olaraq bu sahədə dəstək göstərdiklərini, eyni zamanda sosial sahə ilə bağlı böyük təcrübə qazandıqlarını bildirib.

Daha sonra çıxış edən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, 30 000 gənc "ASAN xidmət"də könüllü olub, onlardan 3 000-i artıq işlə təmin edilib.

Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov isə qeyd etdi ki, könüllülük fəaliyyəti "Gənc DOST", "Gümüşü DOST" və "Distant DOST" altproqramları olmaqla 3 istiqamətdə təşkil edilib. Ötən müddət ərzində proqrama 60 mindən çox müraciət olub, onlardan 2 min nəfərdən çox şəxs könüllülük fəaliyyətinə cəlb edilib. Digər çıxış edənlər də "Könüllü DOST" proqramı iştirakçılarını təbrik edərək, könüllülüyün əhəmiyyətindən bəhs ediblər. Forum "Sosial sahədə könüllülük" və "Korporativ sosial məsuliyyətlilik" üzrə panel müzakirələri ilə davam edib. Xatırladaq ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təşkil olunan forum gənclərin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatda iştirakının, sosial sahədə könüllülük fəaliyyətinin və onun faydalarının, korporativ sosial məsuliyyətliliyin dayanıqlılığının təbliği məqsədi daşıyıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR