Avtomobil satışı ilə bağlı saxta elan verib vətəndaşların pullarını mənimsədilər

# 14:18
29 iyul 2022

Ucarda vətəndaşları dələduzluq yolu ilə aldadaraq zərərçəkənlərin pullarını mənimsəyən Neftçala rayon sakinləri saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA TV-yə verilən məlumata görə, Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı rayon sakinləri, 26 yaşlı Orxan İskəndərov və 37 yaşlı Elmar Fərəcov yaxalanıb. İlkin dindirmə zamanı saxlanılan şəxslər vətəndaşlara qarşı dələduzluq etdiklərini etiraf ediblər.

 

Saxlanılan şəxslərin ətrafında aparılan tədbirlərlə məlum olub ki, onlar avtomobil elanları saytlarında “VAZ” markalı avtomobillərin şəkillərini və məlumatlarını özlərinə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, həmin avtomobillərin dəyərindən ucuz qiymətə satılması barədə elanlar yerləşdiriblər. Daha sonra isə onlara zəng edən alıcılarla satış qiyməti barədə razılığa gəldikdən sonra alıcılara avtomobili almaq üçün beh göndərmələrini tələb edib, zərərçəkmişlərə özlərinə məxsus bank hesab nömrəsi təqdim ediblər. Alıcılar tərəfindən beh göndərildikdən sonra isə qabaqcadan əlbir olan tanışlar zərərçəkmişlərin telefon zənglərinə cavab verməyərək onlarla əlaqəni kəsib və həmin şəxslərin pullarını dələduzluq yolu ilə mənimsəyiblər.

 

Faktlarla bağlı hər iki şəxs barəsində Ucar RPŞ-də cinayət işi açılıb, onlar barəsində həbs qətimkan tədbiri seçilib.

 

Orxan İskəndərovun və Elmar Fərəcovun digər analoji cinayətlərdə iştirakının olub-olmaması istisna edilmir. Əgər bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Ucar RPŞ-nə və ya şəhər telefonlarından 02021-3-00-53 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

 

 

Zahid Abışov, Devran Əsgərov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR