Azərbaycan-Pakistan əlaqələri: 30 İLDƏN SONRA İLK

# 18:31
22 fevral 2022

"Pakistanın Azərbaycana dostluq və qardaşlığını hər zaman hiss etmişik".

APA TV xəbər verir ki, bunu Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla Azərbaycan-Pakistan diplomatik münasibətlərinin 30 illiyi ilə bağlı Pakistan Mədəniyyət Mərkəzində təşkil olunan sərgidə deyib.

O bildirib ki, Vətən Müharibəsi zamanı Pakistanın ölkəmizə verdiyi diplomatik dəstək Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir.

Kamal Abdulla qeyd edib ki, Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Pakistan Mədəniyyət Mərkəzi bu ölkənin mədəniyyəti, dilinin təbliği və öyrədilməsində rol oynayır və gələcəkdə də bu missiyanı davam etdirəcək: “Bu Pakistan və Azərbaycan arasında əlaqələrin yaranmasının 30 illiyinə həsr olunmuş ilk sərgidir və mən sevinirəm ki, bu ilk sərgi bizim universitetimizin Pakistan Dil və mədəniyyət mərkəzində keçirilir. Cənab səfir iştirak edir burada. Parlamentimizin Pakistan-Azərbaycan qrupunun rəhbəri Qənirə xanım iştirak edir, tələbələrimiz iştirak edir. Bu sərgidən əldə olunan qənaət budur ki, bizim Pakistana, Pakistan xalqı və dövlətinə münasibətimiz, cənab Prezidentin də dediyi kimi, bir qardaş münasibətidir”.

Daha sonra Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee sərgi iştirakçılarını iki ölkə arasında diplomatik münasibətlərin 30-cu il dönümü münasibətilə təbrik edib: “Azərbaycan və Pakistan istər Qarabağ, istərsə də Kəşmir məsələsində daim bir-biri ilə əməkdaşlıq edib, dəstək olublar. Bizim əlaqələrimiz özünü aşkar şəkildə göstərir. Ümid edirəm ki, bu qardaşlıq əlaqələri gələcəkdə daha da inkişaf edəcək”.

Sərgidə çıxış edən millət vəkili, Pakistan-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun sədri Qənirə Paşayeva Pakistanın Qarabağ münaqişəsi dövründə Türkiyə ilə yanaşı bütün beynəlxalq platformalarda Azərbaycanın yanında olduğuna diqqət çəkib. Pakistanın Ermənistanla diplomatik əlaqələr qurmaması və bu dövlətin işğalçılıq siyasətini kəskin şəkildə qınamasından söz açıb.

Sonda sərgidə əsrləri nümayiş olunan rəssamlar mükafatlandırılıb.

Mir Çingiz Ağazadə,

Xəyal İskəndərov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR