Azərbaycanda “Uber” və “Bolt” şirkətlərinin axırı necə olacaq? - Nazir taksi mövzusuna toxundu

# 14:45
31 may 2023

 

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “APA-Economics"ə özəl müsahibəsində Azərbaycanda fəaliyyət göstərən taksi xidmətləri ilə bağlı cəmiyyəti maraqlandıran sualları cavablandırıb. Nazir bildirib ki, ölkəmizdə taksi sürücüləri, xüsusilə də qlobal aqreqatorlarla çalışan sürücülər, ağır və uzun iş saatları müqabilində qazanclarının az olmasından şikayətlənirlər. Öz növbəsində sərnişinlər də xidmət keyfiyyətinin aşağı olmasından, kobud və qeyri-etik davranışlardan narazılıq edirlər. Taksi xidməti göstərən avtomobillərdə bir çox hallarda gigiyenik normalara riayət olunmur. Rəşad Nəbiyev rəhbərlik etdiyi qurumun mövcud problemləri dərindən öyrənmək və müvafiq həll yolları təklif etmək məqsədilə məsləhətçi şirkətlərin də iştirakı ilə araşdırma apardığını bildirib. Onun sözlərinə görə, araşdırma zamanı xoş olmayan nəticələrlə qarşılaşıblar. Nazir bildirib ki, Bakı şəhərində hər min nəfərə düşən taksi sayı oxşar şəhərlərlə müqayisədə 4-5 dəfə çoxdur. Bu, şəhərdə tıxacların yaranmasına təsir etməklə yanaşı, neqativ ekoloji nəticələrə də gətirib çıxarır. Rəşad Nəbiyevin sözlərinə görə, taksilərin tıxaca və ekoloji vəziyyətə təsiri yalnız sayın çoxluğu ilə məhdudlaşmır. Bu, həm də gündəlik səyahətlərin sayı ilə bağlı bir məsələdir. Belə ki, fərdi maşınlar gündə ortalama 2-2,5 səfər edirlərsə, taksi fəaliyyəti həyata keçirən avtomobil 20-dən çox səfər edir. Bu baxımdan 10 min taksi şəhərdə 100 min fərdi maşın effektini yaradır. Tənzimlənmədəki boşluqlar isə bu sahədə aqreqatorlar arasında qeyri-sağlam rəqabətə və bunun nəticəsində xidmət keyfiyyətinin xeyli aşağı düşməsinə gətirib çıxarıb. Nazir bildirib ki, taksilərin sayının normadan çox olması həm də ictimai nəqliyyatdan, o cümlədən metro və avtobuslardan sərnişin axınına səbəb olub. Məsələn, 2022-ci ildə metrodan istifadə edən sərnişinlərin sayı pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə 12%, avtobuslarla daşınan sərnişinlərin sayı isə təkcə Bakı şəhərində 35% azalıb. Nazir vurğulayıb ki, bütün müsbət tərəflərlə yanaşı, “Bolt”, “Uber”, “Yango” kimi şirkətlər mövcud problemin böyüməsində mühüm rol oynayıb. Bu şirkətlər hələ də qanunvericilikdə olan boşluqlardan istifadə edərək istər sərnişinlərin, istərsə də sürücülərin narazılığına səbəb olan neqativ halların yaranmasına bilavasitə yol açırlar. Belə ki, adıçəkilən şirkətlərdə çalışan sürücülərlə əmək müqavilələrinin bağlanmaması, sürücülərin bəzən 14-16 saat sükan arxasında olması, bunun müqabilində isə gəlirlərinin çox aşağı olması kimi neqativ hallar müşahidə olunur. Eyni zamanda, bu şirkətlər tərəfindən vətəndaşların fərdi məlumatlarının mühafizəsinə dair mövcud qanunvericilik normaları da kobud şəkildə pozulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR