Azərbaycanda yaşı 100-dən çox olan neçə seçici var?

# 19:14
27 may 2022

Mayın 27-də MSK üzvləri media nümayəndələrinin də iştirakı ilə Komissiyanın inzibati binasında vahid seçici siyahısının cari il üzrə yenidən tərtib edilmiş variantı və saxlanma şəraiti ilə tanış olublar.

 

APA TV xəbər verir ki, seçici siyahılarının tərtib edilərək dəqiqləşdirilməsində dövlət avtomatlaşdırılmış informasiya sisteminin yaratdığı imkanlar, daha da təkmilləşdirilən proqram təminatları barədə Komissiya üzvləri və media təmsilçiləri ətraflı məlumatlandırılıb.

Təqdimat mərasiminin ardınca media nümayəndələrinin də iştirakı ilə MSK-nın iclası keçirilib. Məzahir Pənahovun sədrlik etdiyi iclasda 2022-ci ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, dəqiqləşdirilməsi, təsdiqi və ictimailəşdirilməsi məsələləri müzakirə olunub. İclasda ilin əvvəlindən mayın sonunadək gerçəkləşdirilən irimiqyaslı fəaliyyət barədə geniş məlumat verilib. Sədr aparılan prosesə yaxından köməklik göstərən Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları və digər aidiyyatı qurumlara təşəkkür edib. İclasda bildirilib ki, müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumu başçılarının aktiv seçki hüququna malik olan seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında məntəqə və dairə seçki komissiyaları tərəfindən daimi seçici siyahıları tərtib olunarkən bir sıra seçki məntəqələrinin ərazisində seçici sayının Seçki Məcəlləsi ilə müəyyən edilmiş saydan çox olması müəyyən edilib. Bu səbəbdən də Komissiya seçici sayı qanunvericiliklə müəyyənləşdirilmiş saydan çox olan seçki məntəqələrinin ərazisində təxirə salınmadan əlavə seçki məntəqələrinin yaradılmasını müvafiq dairə seçki komissiyalarına həvalə edib.

Komissiyanın iclasında, həmçinin 2022-ci ilin daimi seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsi işi başa çatmış hesab edilərək, siyahıların məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq olunması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi, Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısının dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək, Seçki Məcəlləsinin tələbləri nəzərə alınmaqla təsdiq olunduqdan sonra Komissiyanın internet saytında yerləşdirilməklə ictimailəşdirilməsi qərara alınıb.

 

Bundan başqa bildirilib ki, Azərbaycanda yeni seçki məntəqələri yaradılacaq. Azərbaycanda səsvermə hüququ olan 6 milyon 401 min 955 şəxs var. Bu seçicilərdən 3 milyon 20 min 387 nəfəri kişi, 3 milyon 381 min 568 nəfəri isə qadındır. Ölkədə yaşı 100 və daha çox olan seçicilərin sayı isə 259 nəfərdir.

 

AYTƏN SAKİTQIZI

ZİYA ALLAHYAROV

APA TV

 

 

 

 

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR