Azərbaycanın turistik 12 kəndindən biri boşalır
Azərbaycanda təmiz havası və gözəl təbiəti ilə tanınan 12 məşhur kənddən biri olan Duruca Qəbələ rayonundan 3 kilometr şimalda, Şahdağın ətəyində yerləşir.
APA TV-nin çəkiliş qrupu kəndin gözəl təbiəti, orada yaşayan insanların məşğuliyyəti və qonaqpərvərliyi ilə bağlı sujet hazırlamaq məqsədi ilə Durucaya yolanıb. Amma bizi bu kənddə qarşılayan vətəndaşlar sosial problemlər içində boğulduqlarını dilə gətirdilər, kəndin baxımsız qalmasından şikayətləndilər.
İllərdir gözəllikləri ilə turistlərin gözünü oxşayan bu kənddə sən demə sakinlər təbii qaz, yol, məktəb, körpü, içməli su kimi ciddi problemlərdən əziyyət çəkib. Kəndin yolları çox bərbad vəziyyətdədir, baxımsız olduğu üçün tamamilə dağılaraq sıradan çıxıb. Qəbələ şəhərindən Duruca kəndinə olan 3 kilometrlik yolun asfaltlanması ilə bağlı yerli əhaliyə dəfələrlə söz verilsə də əməl olunmayıb. Hazırda 600-dən çox insanın yaşadığı bu kənddə məktəb olmadığı üçün şagirdlər təhsil almaq məqsədi ilə Qəbələ şəhərinə gedirlər, eləcə də valideynləri ilə birgə Göyçay, Ağdaş, Ucar və Zərdab rayonlarına köçürlər. Hazırda kəndin yolu bərbad olduğuna görə bura gələn turistlərin sayı xeyli azdır, təbii qaz olmadığı üçün vətəndaşlar öz evlərini turistlərə kirayə verməkdə çətinlik çəkirlər. Camaat deyir ki, sakinlərin çoxu problemlərdən qaçdığı üçün qışda kənddəki 120 evdən cəmi 3-4 - də yaşayış olur.
Vətəndaşların şikayətçi olduğu məsələlərlə bağlı APA TV-nin yeli bürosuna müsahibə verən Qəbələ şəhər Bələdiyyəsinin sədr müavini Əfqan Məlikov bildirib ki, təmsil etdiyi qurum rayon mərkəzi ilə yanaşı həm də ona bitişik Duruca kəndinin problemlərin həllinə çalışır.
O, digər problemlərin həlli üçün bələdiyyə tərəfindən aidiyyəti qurumlar qarşısında məsələ qaldırılacağını qeyd edib.
Qeyd edək ki, sıldırım qayalar və meşələrlə əhatə olunan Duruca kəndin təbiəti olduqca zəngindir. Qax, Şəki və Oğuz rayonlarından gələrək bu kəndin mərkəzindən keçən Ducura çayının suyu həmişə duru olduğu üçün bu yaşayış məntəqəsinin də adı belə adlanır. Kəndi 3 dağ, təpələr, 3 şəlalə, yaylaqlar və sərin bulaqlar əhatələyib. İsti yay günlərində elə ki, axşam oldu bu kənddə pencəksiz və ya qalın paltarsız gəzmək olmur.
Şahnəzər Bəşirov, APA TV, Qəbələ
DİGƏR XƏBƏRLƏR

Mədət Quliyev: Azərbaycan İsraillə birlikdə PUA istehsal edir

Azərbaycanın İsraildə səfirliyi açıldı

Müəllimlərə təkrar şans veriləcək - Sertifikasiyaya nə vaxt start veriləcək?
