Azərbaycanlı uşaqlar İraq və Suriyadan necə gətirildi?

# 17:31
1 fevral 2022

“2018-ci ildən bu günə qədər müvafiq dövlət qurumları tərəfindən 358 Azərbaycan vətəndaşının vətənə repatriasiyası həyata keçirilib”.

 

APA TV-nin xəbərinə görə, bunu ötən ilin yekunları və qarşıda duran hədəflərə həsr olunan mətbuat konfransında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin Sədri Vüqar Behbudov deyib.

 

O bildirib ki, İraqdan və Suriyadan ölkəmizə repatriasiya olunan vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən lazımi sosial dəstək tədbirləri ilə əhatə olunub: “Onlardan 340 nəfəri uşaq, 18 nəfəri isə analardır. 2021-ci ildə isə ümumilikdə 81 nəfər vətəndaşımız qeyd olunan ölkələrdən repatriasiya olunub ki, onlardan da 49 nəfəri Agentliyin tabeliyində olan sosial xidmət müəssisəsinə yerləşdirilib. Agentliyinin sosial işçiləri tərəfindən onlarla müvafiq psixo-sosial reabilitasiya işləri aparılıb və bu proses davam etdirilir. Qeyd edim ki, repatriant uşaqların və qəyyum ailələrin sosial problemlərinin aradan qaldırılması məqsədi ilə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin təşəbbüsü ilə Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq İdarələri və Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşları, həmçinin bu ailələrə sosial dəstək göstərilməsi üçün 3 sosial işçidən ibarət səyyar qruplar yaradılıb. Onlar tərəfindən Bakı və qəsəbələrində, Sumqayıt və Abşeronda yaşayan 87 repatriant uşağın ailələrindən 79-na səfərlər təşkil edilib. Bu səfərlər zamanı ailələrin sosial problemləri və digər zəruri ehtiyacları öyrənilərək qeydiyyata alınıb və müvafiq dəstək göstərilməsi üçün tədbirlər görülüb. Hazırda da bu şəxslərin və onların ailə üzvlərinin zəruri sosial xidmətlərlə təmin edilməsi üçün tədbirlər davam etdirilir”.

 

Övladlığa uşaq götürmə məsələsinə diqqət çəkən Vüqar Behbudov əlavə edib ki,

xarici vətəndaşlara övladlığa uşaq verilməyib. Ancaq subay şəxslər və xarici vətəndaşlar da övladlığa götürmə ilə bağlı müraciət edə bilərlər.

 

Sədr həmçinin, İmişlidə hamilə qalan 11 yaşlı qız və Şamaxıdan gətirilən azyaşlıların vəziyyətindən danışıb.

 

O qeyd edib ki, uşaqların adaptasiyası üzrə iş aparılır. 11 yaşlı qız məktəbə gedir və  uşaqlara müəssisədə bütün sosial xidmətlər göstəriləcək.

 

Vüqar Behbudov "Şəhid ailəsi üzvü" vəsiqəsi verilən şəxslərin də sayını açıqlayıb:

“2021-ci ildə 6362 şəxs üçün "Şəhid ailəsi üzvü" vəsiqəsi hazırlanıb. həmin şəxslər Agentliyin ərazi filialları və DOST mərkəzləri tərəfindən vəsiqə ilə təmin olunub. 2021-ci ildə mənzillə təminat proqramı 3 il əvvələ nisbətən 5 dəfə genişləndirilib.

3000-dək mənzilin verilməsi proqramı icra olunub. Ümumilikdə isə indiyədək 12100-dən çox şəhid ailəsi və müharibə əlilinə Nazirlik tərəfindən mənzil və fərdi ev təqdim edilib. 2021-ci ilin əvvəlindən Vətən müharibəsi şəhidlərinin ailələrinə və bu müharibənin əlillərinə, habelə Vətən Müharibəsi Qəhrəmanlarına da mənzillər verilib. Bu günədək mənzillə təmin edilən şəxslərdən 83 nəfəri Vətən Müharibəsi Qəhrəmanı, eləcə də şəhid olmuş Vətən Müharibəsi Qəhrəmanının ailə üzvləridir”.

 

Agentlik sədri deyib ki, bununla yanaşı ötən il 271 Çernobıl əlili, 203 dövlət uşaq müəssisələrinin məzunu, 275 nəfər isə gözdən əlilliyi olan şəxs mənzillərlə təmin olunub.

 

Avtomobil təminatına gəldikdə isə keçən il 144 Vətən Müharibəsi əlili minik avtomobili ilə təmin edilib, 20 minik avtomobili isə aidiyyəti üzrə təqdim edilməsi üçün Naxçıvan Muxtar Respublikasına təhvil verilib.

 

Nazirlik tərəfindən paralel olaraq müharibə əlillərinin avtomobillə təminatı da həyata keçirilir.

 

Təkcə 2021-ci ildə 164, ümumilikdə isə ötən dövrdə 7400 avtomobil qeyd olunan kateqoriyadan olan vətəndaşlarımıza təqdim edilib” - deyə o, qeyd edib.

 

Qeyd edək ki, dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi evin şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilməsi nəzərdə tutulub.

 

SEVİNC VAQİFQIZI,

CEYHUN MUSTAFAYEV,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR