Baba mülkü qardaşı qardaşa düşmən elədi

# 18:27
1 avqust 2022

Masallı rayonunun Təzə Alvadı kəndində baş verən qətlin bəzi təfərrüatları bəlli olub. APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, qətl hadisəsi baba mülkünün bölünməsi üstündə düşən davanın nəticəsi olub. 61 yaşlı İbadulla Səfərov qardaşının ailəsinin də yaşadığı iki mərtəbəli evin ona məxsus olan üçdə bir hissəsini söküb. Özünün pay hissəsini sökən İbadulla Səfərov daha sonra qardaşının ailəsinin yaşadığı hissəni də sökdürməyə başlayıb. Elə mübahisə də bundan sonra yaranıb. Qohumlarının dediyinə görə, bu münaqişə 20 ilə yaxındır ki, qardaşlar arasında gedirmiş. İbadulla Səfərov 4 ay bundan öncə də ata mülkünə görə qardaşı ilə mübahisə edərək onu həbs etdirib. Hadisə barədə Masallı Rayon Prokurorluğundan bildirilib ki, aparılan ilkin araşdırmalarla 1999-cu il təvəllüdlü Ariz Səfərov və qardaşı 2004-cü il təvəllüdlü Fəqan Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı taxta parçası və balta ilə əmiləri İbadulla Səfərova xəsarətlər yetirməklə onu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ariz və Fəqan Səfərovlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR