Bağ evindən 64 kq narkotik tapıldı - NOVXANIDA
Polis əməkdaşları tərəfindən ümumi çəkisi 64 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti uğurlu tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri Müşfiq Mirzəyev və Nadir Babayev saxlanılıblar.
Nadir Babayevin Novxanı qəsəbəsindəki bağ evinə baxış zamanı oradan ümumi çəkisi 64 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə, o cümlədən 38 kiloqram 867 qram heroin, 19 kiloqram 960 qram metamfetamin, 1 kiloqram 200 qram tiryək, 3 kiloqram 500 qram marixuana və 448 ədəd narkotik tərkibli satışı qadağan edilən “Metadon” həbləri götürülüb.
Araşdırma zamanı müəyyən olunub ki, Müşfiq Mirzəyev şəxsiyyəti istintaqa hələlik məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə əlaqə yaradaraq külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə gətirilməsini təşkil edib. Daha sonra o, şəxsi avtomobili ilə narkotik vasitələri Bakı-Astara magistralının Masallı rayonu ərazisindən keçən hissəsində gizlədilən yerdən götürüb və tanışı Nadir Babayevin bağ evinə gətirib. Müşfiq Mirzəyev həmin xarici ölkə vətəndaşının tapşırığı ilə narkotik maddələri Bakı, eləcə də digər şəhər və rayonlarda müxtəlif yerlərə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını və satılmasını təmin etməli imiş.
Faktla bağlı cinayət işi başlanılıb. Narkotik vasitələrin qanunusuz dövriyyəsində şübhəli bilinən şəxslər barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib, əməliyyat və istintaq tədbirləri davam etdirilir.