Bakıda satıcısı olmayan dükanın bağlanmasına kim səbəb oldu?

# 19:39
9 iyun 2022

 

Bir neçə ay öncə APA TV-nin hazırladığı “Bakıda satıcısı olmayan dükan” süjeti yəqin ki, yadınızdadır. Həmin ideyanı həyata keçirən Şamil Əmirli cərimələnib. Əmirli Şamil Ağasadıq oğlu Albalılıq qəsəbəsində küçədə satıcı olmadan yumurta satışını reallaşdırırdı. Belə ki, vətəndaşlar qiymətə baxır, yeşiklərdən məhsulları götürür, pulunu isə qutuya atıb gedirdilər. Şamil Əmirli deyir ki, bu təşəbbüsünü qonşusu tərəfindən onun barəsində irəli sürülən haqsız iddialar səbəbindən dayandırmalı olub: “Qonşum şikayət etdi ki, guya mən təsərrüfatımı səliqəsiz saxlayıram, natəmizlik yaranır, xoruzların səsi onlara narahatlıq yaradır. Şikayət əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq şöbəsindən üç nəfər əməkdaş gəldi. Əraziyə baxış keçirildi və iddiaların əksinə olaraq, hər şeyin norma çərçivəsində olduğuna dair akt tərtib etdilər. Daha sonra əməkdaşlardan biri həyətdə zibil yandırılması üçün qoyulmuş çəlləklə bağlı sual verdi. İddia etdi ki, zibil yandırırsınız, tüstüsü çıxır və s. Amma həmin an nə elə bir durum, nə də bu istiqamətdə bir şikayət var idi. Bir az mübahisə etdik və getdilər”. Sözü gedən hadisə keçən ilin sentyabr ayında olub. Bir neçə gün öncə isə Abşeron Rayon Məhkəməsinin qərarı ilə Şamil Əmirliyə 300 manat məbləğində cərimə yazılıb. Sahibkar deyir ki, bu hadisədən sonra səyyar yumurta satıcılığını dayandırıb. Hazırda yenidən bu işlə məşğul olacağı sual altındadır. Hadisədə adı keçən qonşunun evinə yollandıq. Qapını dəfələrlə döyməyimizə baxmayaraq, bizə cavab verən olmadı. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə də əlaqə saxladıq. Nazirlikdən bildirdilər ki, Xəzər rayonu, Albalılıq qəsəbəsində tullantıların atılması və yandırılaraq ətrafa iy-qoxunun yayılması ilə bağlı nazirliyin “qaynar xətt”inə 2021-ci ilin sentyabrın əvvəlində daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb və fakt təsdiqini tapıb. Şamil Əmirli barəsində protokol tərtib edilib və o, 300 manat məbləğində cərimə olunub. Bundan sonra isə Şamil Əmirli öz yazılı izahatında tullantıların bir də yandırılmayacağına söz verib. Ataların qonşularla bağlı neçə sözü var. “Qonşu qonşu olsa kor qız ərə gedər”, “Uzaq qohumdansa yaxın qonşu yaxşıdır” və s. Görünür Şamil Əmirlinin qonşusu atalarımızın dediyi qonşulardan deyil. Nəticə olaraq isə ucuz yumurta alan vətəndaşlar yenə də bazarlara yollanmalı olacaq. Ümid edirik ki, yaxın zamanda avropasayağı ticarətin örnəyi olan bu təşəbbüs yenidən bərpa ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR