Bakıda xalatçıxartma oyunu: Tariflər nə vaxt bilinəcək?

# 11:07
10 fevral 2022

Bir müddət əvvəl qanunsuz parklanma ilə bağlı reportaj hazırlamışdıq. Həmin reportajdan bir neçə gün sonra Bakı şəhər Dövlət Yol Polisi tərəfindən

lazımi tədbirlər görüldü, reydlərə başlanıldı. Yeni sevinməyə başlamışdıq ki, əslində qanunsuz parklanmanın aradan qaldırılmadığını, sadəcə dayanacaq nəzarətçilərinin xalatlarının çıxarıldığını gördük. Yəni hamam köhnəliyində qaldı, dəyişən sadəcə tas oldu.

 

DYP-nin Təbliğat üzrə inspektoru Rüstəm Əhmədli deyir ki, qanunsuz parklanma ilə bağlı nəzarət profilaktik tədbirlərimiz davam edir: “Bununla yanaşı el arasında parkovşik dediyimiz şəxslər hələ də gizli olaraq bəzi ərazilərdə fəaliyyət göstərirlər. Bir daha həm qanunsuz park edən sürücülərin həm də parkovşik kimi fəaliyyət göstərən şəxslərin nəzərinə çatdırırıq ki belə hallara son qoysunlar.Bilsinlər ki onlar inzibati məsuliyyət daşıyırlar ”.

 

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə bildirir ki, bu gün qeyri-qanuni parkinqlə məşğul olan ən azı 700 nəfər var: “Daxili İşlər Nazirliyinin göstərişi ilə bu istiqamətdə müəyyən reydlər keçirilsə də, cəmi bir neçə gün onlar gözə dəymədi hazırda yenə həmin sarı jiletlərdə və ya elə adi geyimlərdə yenə iş başındadırlar. Hətta reydlər keçirilən günlərdə belə bizə xəbərlər göndərirdilər ki, rəhbərliyimiz deyib 2-3 gün işə çıxmayın, sonra yenə iş başında olacaqsız. Elə də oldu. Təəssüflər olsun ki, işin arxasında dayanan qüvvələr qanunu üstələyir”.

 

Ekspertin fikrincə, bir halda ki, həmin şəxslər işlərinə davam edirlər, öhdələrindən gəlmək olmur, yaxşı olardı ki, tariflər müəyyən olunana qədər gündəlik toplanan vəsait “Yaşat” Fonduna verilsin. Ən azından ödənilən vəsaitin hara getdiyi və nə üçün xərcləndiyi bəlli olar: “Mən təklif elədim ki parkinqlə bağlı tariflər müəyyən olunana qədər onlar yaşat fonduna işləsinlər. Aylıq 300-350 min manat pul yığılır. Bu pul az bir rəqəm deyil. Yaşat fondu bu pulla nə qədər şəhid ailələrinə, qazilərimizə dəstək olar”.

 

Təbii ki, bu təklifin də reallığa çevrilməsi mümkün görünmür. Ölkənin ən ali dəyəri sayılan qanunu, yüngül formada desək, görməzdən gəlib cib dolduranlar çətin ki “Yaşat” Fondu haqqında nəsə düşünələr.

 

Görünən isə budur ki, hələ bir müddət də reyd və ya xalatçıxartma prosesi davam edəcək.

 

Nərmin Murad,

Fariz Quliyev,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR