Batan kreyser hansı tapşırığı yerinə yetirirdi?
Rusiyanın Qara dəniz donanmasına məxsus “Moskva” raket kreyseri batıb.
APA TV-nin Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Moskva kreyserinin təyinat limanına çəkilməsi zamanı sursatların partlaması nəticəsində baş verən yanğından gövdəyə ziyan dəydiyi üçün gəmi dayanıqlığını itirib. Fırtınalı dəniz şəraitində gəmi batıb", - deyə Rusiya MN-nin məlumatında bildirilib.
Qeyd edək ki, daha əvvəl Rusiya MN kreyserin ekipajının ərazidəki Qara dəniz donanmasının gəmilərinə təxliyə edildiyini xəbər verib.
Yeri gəlmişkən qeyd edək ki, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç batan kreyserin Xersondakı rus işğalçılarını hava hücumundan müdafiə ilə təmin etdiyini bildirib.
Onun sözlərinə görə, gəmi həmçinin, Odessa və Xerson vilayətlərinə desant çıxarılmasını təmin etməli imiş.
“Kreyser desant qoşunları üçün hava hücumundan müdafiəni təmin edirdi. Göyərtəsində çoxlu sayda dəniz əsaslı S-300 sistemi var idi, buna görə də əla "çətir" rolunu oynayırdı. Rusiya kreyserinin batırlması Ukrayna üçün yaxşı hadisədir. Bu, Ukrayna aviasiyasının işini cənub istiqamətində xeyli asanlaşdıracaq”, - deyə Arestoviç bildirib.