Baydenin Bakıya 1 ayda 2 məktub yollaması nədən xəbər verir? – ŞƏRH

# 20:51
2 iyun 2022

Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden iyunun 1-də Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Ölkələrimiz arasında xüsusilə enerji sahəsindəki əməkdaşlığın əhəmiyyətindən bəhs edən Bayden qeyd edib ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir: "Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında qurulmuş 30 illik diplomatik münasibətlər dövründə biz transmilli təhlükələrlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaş olmuşuq. Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə ev sahibliyi etdiyiniz vaxtda Sizi əmin etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir".

Azərbaycanın enerji sahəsində gördüyü işləri yüksək dəyərləndirən ABŞ lideri bu gün Avropanın enerji təhlükəsizliyində ölkəmizin böyük rolu olduğunu da vurğulayıb. Onu da bildirək ki, bu son bir ayda ABŞ prezidentinin Azərbaycana göndərdiyi ikinci məktubudur və bununla rəsmi Vaşinqton Azərbaycanla əməkdaşlığın yüksək dəyərləndirildiyini qeyd edərək regionda yaratdığımız yeni reallığı dəstəklədiyinə diqqət çəkib.

“ABŞ Azərbaycanın regionda, eləcə də dünyada enerji təhlükəsizliyində oynadığı rola xüsusi önəm verir və məktubda ən önəmli detallardan biri Azərbaycanın sadiq tərəfdaş olması fikrinin xüsusilə vurğulanmasıdır”.

Bunu APA TV-yə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. O qeyd edib ki, bu gün heç də bütün dövlətlərlə bağlı eyni münasibət mövcud deyil və aparılan uğurlu siyasət nəticəsində Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul edilir: “Bu gün enerji təchizatı ilə bağlı bir çox proseslər gedir. ABŞ Azərbaycana bu kontekstdə xüsusi maraq göstərir və məktublarda da bu amillər vurğulanır. Digər məsələni qeyd etmək lazımdır ki, ümumiyyətlə Azərbaycan ABŞ münasibətləri uzun illərdir inkişaf edir. Azərbaycan hər zaman ABŞ-la münasibətlərin inkişafında maraqlı olub. Bu istiqamətdə davamlı olaraq addımlar atılıb. Burada ən önəmli məsələlərdən biri də iki dövlətin enerji təhlükəsizliyi məsələsindən başqa ümumi təhlükəsizlik məsələlərində əməkdaşlıq etməsidir. Yəni biz bunu Əfqanıstanda, İraqda həyata keçirilən sülhyaratma missiyalarında da gördük. Eyni zamanda bu məktub Bakıda enerji həfətsi keçirildiyi bir dövrə təsadüf edir. Burada da dünyanın bir çox ölkələrindən qonaqlar gəlib iştirak edirlər. Ümumi götürdükdə, bu gün dünyanın ürəyi Azərbaycanda döyünür”.

“Məktubda ABŞ-Azərbaycan əlaqələrinin ən yüksək zirvəsinə qədəm qoyulduğu bildirilib”.

Bunu isə APA TV-yə siyasi şərhçi Əziz Əlibəyli deyib. O qeyd edib ki, məktubda qeyd edilən “transmilli” ifadəsinin xüsusi mənası var. ABŞ enerji təchizatında Avropadakı müttəfiqləri üçün yaranmış problemlərin Azərbaycan vasitəsilə həllini nəzərdə tutur: “Co Baydenin məktubunda ən vacib faktor transmilli cinayətlərə, enerji sahəsindəki təhlükələrə qarşı güclərin birləşdirilməsi, ikitərəfli ticarət və sərmayələrlə bağlıdır. Burada genişçaplı əməkdaşlıqdan bəhs edilir. ABŞ-ın investisiyaları enerji təhlükəsizliyinin təmin olunmasında Qərbin, yəni Avropanın bütövlükdə enerji asılılığından azaldılmasında Azərbaycanın çox böyük rolu var. Burada iki məqam mütləq qeyd olunmalıdır. Ukrayna Rusiya müharibəsi fonunda Rusiya enerji daşıyıcılarından asılı düşmüş Qərbin xilas alternətivlərindən biri də Azərbaycandır”.

Siyasi şərhçi qeyd edib ki, rəsmi Vaşinqton Türkiyə və Azərbaycanı Zəngəzur dəhlizinin açılması məsələsində də dəstəkləyir: “ABŞ hazırda Azərbaycana və Türkiyəyə elçi düşüb. İstəyir ki, hər iki ölkə Paşinyanın hakimiyyətdə qalmasını dəstəkləsin. Ehtiyat edirlər ki, Rusiyadan maliyyələşən, eyni zamanda müxtəlif ölkələrdə ciddi şəkildə təşkilatlanmış lobbi Paşinyanı kürsüdən sala bilər”.

Əziz Əlibəyli onu da bildirib ki, Azərbaycana regional güc kimi dəstəyin verilməsi, ölkəmizin bölgədə oynadığı rolun qəbul edilməsi, beynəlxalq aləmdə dəstəyin ifadə edilməsi bu kontekstdə yaranan hallarla bağlıdır.

 

Fuad Sadıqov,

Ceyhun Mustafayev,

APA TV

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR