Böyük qayıdışa nə mane olur - Ərazilərin təmizlənməsi niyə gecikir?

# 17:12
19 aprel 2022

Qarabağa böyük qayıdışın müjdəsi verilsə də, bu mübarək gün gecikir. Bunun başlıca səbəbi isə torpaq altındakı yüz minlərlə mina, partlamamış sursatlardır. Təkcə ötən həftə ANAMA tərəfindən işğaldan azad edilmiş rayonlarımızda 445.8 hektar ərazi təmizlənib. Dəfələrlə ermənilər mina xəritələrini verməklə bağlı öhdəlik götürsələr də, verdikləri xəritələrdəki məlumatların çox az hissəsi doğru çıxıb.

Təəssüf ki, bu sahədə beynəlxalq səviyyədə öhdəlik götürən təşkilatlar da passivlik nümayiş etdirirlər. İki-üç yaxın ölkənin dəstəyini nəzərə almasaq, demək olar ki, Azərbaycan bu məsələdə də öz imkanları hesabına mübarizə aparmaqdadır.

Nazirlər Kabinetinin aparat rəhbəri Rüfət Məmmədovun məlumatına görə, təkcə bu ilin əvvəlinə qədər ümumilikdə 20 min hektardan çox ərazi minalardan təmizlənib. Ərazilərdə 52 mindən çox piyada və texnika əleyhinə minalar, partlamamış hərbi sursatlar aşkar olunaraq zərərsizləşdirilib. Ümumi olaraq isə azad olunan ərazilərin bərpası üçün 95 layihə icra edilib.

 

Qeyd edək ki, bu günə qədər evlərini görməyə gedən, ərazidə əkin-biçinlə məşğul olan 400-ə yaxın dinc sakin minaların qurbanına çevrilib, 2 058 nəfər yaralanıb. Aprelin 16-da isə əsgərlərimizin ayıq-sayıqlığı nəticəsində evlərini ziyarətə gedən 20-dən çox dinc sakin ölümdən qurtuldu.

İlkin araşdırmalar zamanı bəlli oldu ki, mina bura 2020-ci il noyabrın 10-dan 25-nədək olan müddətdə - Kəlbəcərin təhvil verilməsi üçün istənilən vaxtda basdırılıb. Məqsəd isə məlumdur: evlərinə qayıdacaq dinc əhalini qırmaq, kütləvi insan tələfatı törətmək.

Təkcə bu fakt kifayət edir ki, Ermənistanın mülki əhaliyə, Azərbaycan xalqına qarşı mina müharibəsini, beynəlxalq ictimaiyyət qarşısında süni görüntü yaratmaq məqsədilə Azərbaycana təqdim etdiyi mina xəritələrinin 80%-nin saxta olmasını, basdırdığı minaların yerini gizlətməsini anlayasan. Biz bunu çoxdan anlamışıq. Ancaq dünya ictimaiyyəti ya anlamaq istəmir, ya da anlamaqda gecikir.  

 

Hərbi analitik Alp Arslan İmamqulu APA TV-yə bildirib ki, Azərbaycan bu cür məsələlərdə həmişə ədalətsiz mövqe və ikili standartla qarşılaşır. Torpaqların işğalı müddətində BMT-nin 5 əsas qətnaməsi yerinə yetirilmədi, Azərbaycan təkbaşına ədaləti bərpa etdi. İndi də minaların və partlamamış hərbi surtsatların təmizlənməsində ikili standartları görməkdəyik. Və Azərbaycan yenə də demək olar ki, təkbaşına mübarizə aparır. O əlavə edib ki, Ermənistanın törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməsində beynəlxalq təşkilatlar da gərəkli dəstəyi göstərməlidirlər: “İnsanlar öz yurdlarına dönməlidirlər. Bu, sadəcə Azərbaycanın öhdəliyi ola bilməz. Çünki ortada beynəlxlaq konvensiyaların tələblərini pozmuş dövlət və onun törətdiyi cinayətlərin nəticələri var. Bu nəticələrin aradan qaldırılması istiqamətində də bir sıra beynəlxlaq təşkilatlar gərəkli dəstəyi mütləq göstərməlidirlər. Çünki bu cür beynəlxlaq tələbləri pozma halları hansısa bir dövlətə qarşı deyil,  ümumilikdə insanlığa qarşı törədilmiş terrordur”.

 

İşğaldan azad olunmuş ərazilərin təhlükəliliyi ilə bağlı açıqlama verən digər hərbi ekspert Ədalət Verdiyev də bildirib ki, ərazilərimiz 30 il müddətində mina tarlasına çevrilib. Vətən Müharibəsi zamanı isə bu ərazilərdə intensiv döyüşlər gedib. İstifadə edilən sursatların təxminən 30 faizi partlamamış vəziyyətdədir. Bu isə o deməkdir ki, 5-10 il ərzində ölüm təhlükəsi davam edəcək. O əlavə edib ki, yaxın günlərdə Füzuli yolunun inşaası zamanı texnikanın minaya düşməsi və əsgərimizin Kəlbəcərdəki müharibədən sonra basdırılmış minanı taparaq zərərsizləşdirməsi bir daha təhlükənin miqyasının nə böyüklükdə olduğunu göstərir: “Əfsuslar olsun ki, ermənilərin ərazilərdə mina terroruna rahatlıqla müşahidə edən ölkələr, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri, beynəlxalq təşkilatlar bu günə qədər Azərbaycana problemin aradan qaldırılması üçün təklif verməyiblər”.

 

Hərbi ekspert düşünür ki, Azərbaycan minatəmizləmə fəaliyyətində yardıma söz verən ölkələrlə birgə fəaliyyətlərini daha da genişləndirməlidir.

 

FUAD SADIQOV APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR