Brüsseldən nə gözləyək? - Növbəti qələbəyə gedən yol

# 20:39
1 dekabr 2021

Dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü gözlənilir. Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, görüş Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin təklifi ilə baş tutacağı gözlənilir.

Soçi görüşündən sonra Azərbaycanla Ermənistan liderlərinin Brüssel görüşü müzakirə olunmaqdadır. APA TV xəbər verir ki, erməni KİV-lərində bu görüş barədə bəzi detallar geniş müzakirəyə çıxarılıb. Üstəlik, o da bildirilir ki, Paşinyan Brüssel görüşünə Soçi görüşündən daha həvəslidir. Bəzi ekspertlər düşünür ki, görüşdə demarkasiya və delimitasiya barədə qarşılıqlı razılaşma, həmçinin minaların real xəritəsinin verilməsi məsələsi müzakirə olunacaq.

Maraqlıdır ki, Soçidə keçirilən üçtərəfli görüşdə Rusiya prezidenti Vladimir Putin Brüssel görüşünə də toxunaraq, “hərçənd biz başqa görüşlərə heç vaxt etiraz etməmişik, amma istərdik ki, ora konkret nəticə ilə gedilsin”, - deyə, fikir bildirmişdi.

15 dekabr görüşü barədə açıqlama verən siyasi şərhçi Zaur Məmmədov bildirib ki, görüşü Avropa İttifaqı öhtəsinə götürsə də, əslində ABŞ-ın istəyi əsasında təşkil olunacaq. Zəngəzur dəhlizi məsələsinə gəlincə isə o əlavə edib ki, Qərb də bu dəhlizin açılmasında maraqlıdır: “Brüssel görüşü humanitar məsələlər müzakirə olunacaq. Siyasi məsələr gündəm olmayacaq. Sərhədlərin demarkasiyası və delimitasiyası və eyni zamanda nəqliyyat logistika xətlərinin açılması, düşünürəm ki, bu görüşün prioriteti deyil. Amma əslində Qərb ölkələrinin özlərinin də təşəbbüsü olmalı idi.  Bir zamanlar ABŞ da Avropa da Zəngəzur dəhlizinin açılmasında maraqlı idilər. 90-cı illərin geosiyasi proseslərinə nəzər yetirsək, məhz bu nəqliyyat qovşağının açılması məsələni elə Qərbin də maraqları daxilində olan məsələ olduğunu görərik. Vətən müharibəsindən sonra dəhliz məsələsində Avropa və rəsmi Vaşinqton bu məsələdə özlərini yad kimi göstərməyə çalışırlar. Ola bilər ki, buna səbəb üçtərəfli noyabr bəyannaməsində Rusiyanın və Türkiyənin əsas iştirakçı olmaları Qərbi bir müddət gözləmə mövqeyi tutmağa vadar edib”.

Ermənistanın işğaldan azad olunmuş ərazilərimizin dəqiq mina xəritərlərini verməsi məsələsinə gəlincə isə Zaur Məmmədov bildirib ki, ABŞ Paşinyanı bu addım atmağa məcbur edə bilər: “Bundan öncə də ABŞ-ın kordinatorluğu ilə bəzi rayonların mina xəritələri verilmişdi. Amma o xəritələrin cımi 25-faizi düş çıxmışdı. Bu da Ermənistanın əsl simasını göstərdi. Bu dəfə ümid edək ki, belə olmayacaq. Qərb ölkələri özlərinə hörmət edərək Paşinyanı real mina xəritələri verməyə məcbur edəcək”

 

Siyasi şərhçi Tural İsmayılov da bildirib ki, Brüssel görüşünün məntiqli nəticəsi mina xəritələrinin verilməsi ola bilər, əks təqdirdə Qərbin təşkil etdiyi bu görüş Soçi görüşünün kölgəsində qalacaq: “Nəzərə almaq lazımdır ki, uzun müddət tərəflərin müzakirə etdiyi və eyni zamanda Azərbaycanın Rusiyanın və regionun güclü dövlətlərinin marağında olan bir sıra məsələlərin Soçi görüşündəki bəyanatda həll edilməsi Brüssel bəyanatında növbəti yeni bir addımın atılmasını tələb edir. Soçi və gerçəkləşəcəyi  gözlənilən Brüssel görüşü Rusiya prezidenti Putin və Avropa İttifaqının sədri Şarl Mişel arasındakı danışıqlar da əsas mövzulardan biri olubdur. Bu baxımdan növbəti dəfə Brüsseldəki görüşdə yeni bir addım atılmalıdır”.

Ekspert onu da əlavə edib ki, mina xəritələri məsələsində Qərbin, o cümlədən regionda layihələr həyata keçirməkdə marağı olan digər güclərin Paşinyana təzyiqlər göstərməsi gözləniləndir.

 

FUAD SADIQOV

XƏYAL İSKƏNDƏROV

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR