Bu məktəbdə dərslər zirzəmidə keçirilir

# 13:33
23 fevral 2022

Daşkəsən rayon Mikayıl Mustafayev adına Bayan kənd tam orta məktəbi təmirsiz və qəzalı vəziyyətdədir.

APA TV-nin yerli bürosunun məlumatına görə, bir əsrə yaxın yaşı olan məktəb 1929-cu ildə tikilib. Tikildikdən 3 il sonra  istifadəyə verilib. 1989-cu ildən bəri isə Bayan kənd tam orta məktəbi bir dəfə olsa belə əsaslı təmir edilməyib. Yalnız bircə dəfə məktəbin dam örtüyü yenilənib. Təhsil ocağındakı siniflərin qəzalı vəziyyətdə olması səbəbindən ibtidai sinif şagirdləri dərslərini  məktəbin zirzəmisində keçirlər. Şagirdlər də müəllimlər də deyir ki, zirzəmidə vəziyyət daha da pisdir. Dərsə qorxu ilə girirlər. Sinif otaqlarına girəndə elə təəssürat yaranır ki, sanki indi bina üzərimizə uçacaq.

Həmçinin məktəbdə istilik sistemi olmadığından sinif otaqları odun sobaları ilə qızdırılır. Qış üçün məktəbdə  odun tədarükü görülüb. Məktəbin qapıları, pəncərələri qırılıb, divarları çatlamış vəziyyətdədir, tavanı və döşəməsi çürüyüb. Məktəbin qəzalı vəziyyətdə olması valideynləri də narahat  edir.

Birinci Qarabağ müharibəsinin şəhidi Mikayıl Mustafayevin adını daşıyan Bayan kənd tam orta məktəbinin direktor müavini Tural Abdullayev bildirdi ki, məktəb binasının köhnə olmasına baxmayaraq, sinif otaqları yeni təchizatlarla təmin edilib.

Təhsil ocağının əsaslı təmiri  isə 2019/2023-cü il  tədbirlər planına salınıb.

Qeyd edək ki, məktəbdə 160 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 30-a yaxın pedaqoji heyət məşğul olur.

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Daşkəsən

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR