Burada bütün tarixi və dini abidələr kiminsə evidir

# 18:49
26 may 2022

Salyan rayonu ölkəmizin zəngin irsə malik qədim yaşayış məskənlərindən biridir. 120 il öncə ötən əsirin əvvəllərində Cavad qəzasının mərkəzi olan bu şəhərdə əksər tarixi və dini abidələr şəxs adları ilə bağlıdır.

Məsələn Mirəşrəf ağanın evi, Baxış bəyin evi, Seyid Ramazanın evi, Hacı Əlihəsənin yaşayış evi, Hacı Tağının evi, Abdulsəməd Məscidi, Mirəşrəf ağa məscidi, Hacı Tağı Məscidi və s. bu siyahını biraz da uzada bilərik. Bütün bu evlər və məscidlər 19-20 –ci əsrlərdə inşa olunub və çoxu bu günə kimi qorunur. Bir qismi vaxtı ilə məktəb kimi istifadə olunub. Bəziləri isə yaşayış evi və məscid kimi hələ də qalmaqdadır.

APA TV-nin Mil-Muğan bürosunun verdiyi xəbərə görə, bu şəhərdə gördüyünüz hər məscidin maraq doğuran tarixi var. Yerli sakinlər deyir ki, vaxtı ilə etiqadı möhkəm olan varlı insanlar və xeyriyyəçilər hətta evlərində belə məscidlər tikib.  

Belə məscidlərdən biri də Salyan cümə məscididir. Məscid 1865-ci ildə Hacı Mehdinin oğlu Ağahüseynin şərəfinə usta Kərbəlayi Əli Əkbər tərəfindən inşa edilib.

Repressiyanın tüğyan etdiyi vaxtlarda yol çəkilişi adı altında məscidin bir hissəsi dağıdılıb, anbar, qalereya və müxtəlif məqsədlərlə istifadə olunub. Respublikamız müstəqillik qazandıqdan sonra məscidin əvvəlki statusu ona geri qaytarılıb. 2002-ci ildə Kür çayında baş verən daşqından sonra tarixi abidə-məscid qəzalı vəziyyətə düşüb və 9 günbəzi dağılıb.

 

Salyan ərazisi uzun müddət özünün ticarəti və tacirləri ilə də məşhur olub. Həmin dövrdə tanınmış xeyriyyəçilərdən biri olan, Məkkə ziyarətindən sonra Hacı Tağı tanınan tacir Salyanda iki məscid inşa etdirib. İndi “Hacı Tağı” məscidi kimi tanınan məscid Sovet dövründə bütün məscidlər bağlandığı bir vaxtda Salyanda yeganə fəaliyyət göstərən məscid olub.

Bu məsciddə çar Rusiyasında istehsal olunan 150 ildən çox yaşı olan nadir çıraq saxlanılır. Çırağın tarixi isə məscidin inşa tarixindən 30-40 il əvvələ aid edilir.

Hündürlüyü 1 metr olan çırağın çəkisi 70 kiloqramdır. Ağır olduğundan çırağı tavan səviyyəsinə qaldırmaq üçün onun qaldırıcı qurğusu da var.

Hazırda Salyan rayonunun ərazisində yaşı bir əsrdən çox olan onlarla məscid var. Onlar həm də Salyanın tarixidir. Bəzi məscid və pirlər dövlət tərəfindən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınıb.

Əlibəy Zeynallı

Elçin Həsənov

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR