Cahit Bağçı: “Cəbhədə baş verən hadisələr üzücüdür”

# 18:05
17 noyabr 2021

“Hamıya məlumdur ki, iki qardaş ölkə Türkiyə və Azərbaycan əlaqələrinin dərin kökləri var. Münasibətlərimizin sağlam təməllər üzərində qurulması bütün dövrlərdə özünü göstərib. Xüsusilə qeyd edim ki, Qarabağın işğalı bütün türk dünyası üçün kədərli hadisə idi. Ali Baş Komandan, Prezident İlham Əliyev və Azərbaycanın qorxmaz, yenilməz ordusu 30 illik həsrətə 44 günə son qoyaraq haqq-ədaləti bərpa etdi. Uzun müddətdir ki, işğalda olan torpaqları düşməndən təmizləyərək işğala son qoydu. Ən əsası onu da deyim ki, Türkiyə 44 günlük Vətən müharibəsində ilk gündən Azərbaycanın yanında oldu”.

 

Bu fikirləri APA TV-yə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bildirib. Səfir qeyd edib ki, Rəcəb Tayyib Ərdoğan sarsılmaz duruşu, siyasi və mənəvi dəstəyi ilə bütün dünyaya qarşı Azərbaycanın yanında oldu: "Zəfərin ilk ildönümünü qeyd etdik. Həm Türkiyədə, həm də Azərbaycanda bu zəfərin coşqusunu gördük. Vətən müharibəsi dövründə hər kəndin azad edilməsi, hər işğaldan azad olunan şəhərdə Azərbaycan bayrağının sancılması Türkiyədə coşqu ilə qarşılanırdı”.

 

Bundan başqa səfir Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə əlaqələrin möhkəmlənməsi uçun önəmli qərarlar verildiyini də qeyd edib:  "Mənim də iştirak etdiyim Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türk Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı oldu. Artıq Qarabağın işğaldan azad edilməsi təkcə Azərbaycanın zəfəri deyil, həmçinin, bütün Türk dünyasına örnəkdir. Bu zəfər birliyin gücünü göstərdi".

 

Bəllidir ki, Ermənistan üçtərəfli bəyanatın şərtlərini pozaraq növbəti təxribata əl atması əslində bütün regionda sülhün, sabitliyin yaranmasına əngəl olur. Amma buna baxmayaraq Azərbaycan sülh istəyir. Və bu istək Prezident İlham Əliyevin iştirakı ilə beynəlxalq platformalardan da dəfələrlə səsləndirilib. Elə səfir də qeyd etdi ki, Azərbaycan bölgədə sülhün və sabitliyin bərqərar olunmasının tərəfdarıdır: “Azərbaycan Prezidenti dəfələrlə artıq ərazi bütövlüyünün bərpa olunduğunu, bundan sonra qonşuluq əlaqələri daxil, öncə sərhədlərin müəyyən olunması barədə danışıqların önəmini vurğulayır, eləcə də sülh haqqında çağırışlar edir. Türkiyə bu yanaşmanı dəstəkləyir. Azərbaycanın ərazi bütövlüyünü tanımaq şərti ilə sülh yanaşmasının tərəfdarıyıq. Beynəlxalq təşkilatların, Minsk Qrupunun, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzərinə düşən bu dövrdə Ermənistanın sülhə yönəlmiş addımlar atmasını dəstəkləməkdir. Son günlər cəbhədə baş verən hadisələr üzücüdür. Bütün tərəflər, xüsusilə Türkiyə və Rusiya məsələnin sülh yolu ilə həll olunması üçün çalışdılar. Ötən axşam da atəşkəs qərarı verildi. Biz bölgəyə sülhün gəlməsini arzu edirik. Türkiyə hökuməti daim bu yöndə çalışıb”.

 

Cahit Bağçı həmçinin əlavə edib ki, Azərbaycanla yanaşı, Türkiyə  de bundan sonra bölgədə sülhün bərpa olunması üçün çalışacaq. Həmçinin, diqqət ortaq dəhlizin yaradılmasına yönəldilməlidir.

 

Aytən Sakitqızı,

Kamran Namazov,

APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR