Çavuşoğlu: “ABŞ Türkiyəyə qırıcı təyyarələri satmasa...”
“Türkiyə Prezidentinin Azərbaycana son səfəri zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələsini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla müzakirə etdik”.
APA TV-nin xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu CNN “Türk” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Türkiyə Ermənistanla münasibətlərin normallaşması məsələsində Azərbaycanla birgə hərəkət edir.
Nazir xatırladıb ki, Ermənistan tərəfindən müəyyən müsbət mesajlar verilib. XİN rəhbəri Türkiyənin Ermənistanın müsbət mesajlarına qarşılıq verəcəyini diqqətə çatdırıb.
Çavuşoğlu vurğulayıb ki, Azərbaycan sülh sazişinin imzalanması üçün Ermənistana çağırış etsə də, Ermənistan tərəfindən hələ də buna cavab verilməyib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Baydenin Qlazqoda görüşə biləcəklərini də qeyd edib. Onun sözlərinə görə, ABŞ haqsız şəkildə Türkiyəni F-35 proqramından çıxarıb, buna səbəb kimi isə Rusiyadan S-400-lərin alınması göstərilib.
XİN rəhbəri xatırladıb ki, Türkiyə F-35-lərin alınması üçün 1,4 milyard dollar ödəniş edib. Əgər ABŞ Türkiyəyə qırıcı təyyarələri satmasa, Konqres bu işə əngəl törədərsə, Rusiyadan Su-35 və Su-57-lər alına bilər.