Cənubi Qafqazda toqquşan maraqların arxasında dayananlar – ŞƏRH

# 18:13
26 avqust 2021

“Avqust  26-da ermənilərin Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutması növbəti təxribatdır və cavabsız qalmayacaq. Azərbaycan təmkinli ancaq qətiyyətli cavab tədbirləri görəcək”.

 

Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu APA TV-yə açıqlamasında bildirib.

 

Deputat hesab edir ki, belə hallarda ən effektiv tədbir kimi insidenti törədənlərə törədikləri cinayət əməlinə adekvat cavabdan daha çox  bir neçə misli ilə cavab vermək təcrübəsinə istinad edilir. Bu həm də önləyici tədbir hesab olunur və düşməni bir daha bənzər hərəkətlər etməkdən çəkindirir: “25 avqustda Gorus-Qafan yolunun Qubadlı rayonu yaxınlığında yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının əsgərinin erməni diversantları tərəfindən soyuq silahla hücuma məruz qalmasına gəldikdə isə, bu cinayəti törədənlər də mütləq öz cəzalarına çatdırılmalıdırlar. Çünki ermənilər cəzasız qalacaqları təqdirdə belə cinayətləri tez-tez təkrar edəcəklər”.

 

Məsələnin siyasi tərəfinə gəldikdə isə deputat hesab edir ki, bu cür təxribatlar Ermənistan hökumətindən xəbərsiz, yaxud ən azı müdafiə nazirinin bilgisi olmadan törədilə bilməz. O bildirir ki, hadisə ilə bağlı dərhal qaneedici izahat verilməli və Ermənistan 10 noyabr 2020-ci il üçtərəfli bəyannamənin və beynəlxalq hüququn tələblərini yerinə yetirməlidir.

 

Deputat Elşad Mirbəşir isə bildirir ki, Azərbaycan tərəfi öz sərhədlərinin  delimitasiya və demorkasiyasını həyata keçirdiyi bir zamanda Ermənistan sərhəddə təxribatlar törətməklə buna ciddi cəhdlə mane olmağa çalışır və eyni zamanda sülh sazişinin imzalanmasından da boyu qaçırır: “Ermənistan təxribatları ilə Azərbaycanın cavab reaksiyasına nail olmağa çalışır. Belə olan halda Ermənistan münaqişənin hələ də davam etdiyi təssüratını formalaşdırmağa çalışır.   Bu da ona hesablanıb ki, ATƏT-in Minsk Qrupunun platformasına ehtiyac qaldığını göstərsinlər. ABŞ və Fransanın  da əsas istəyi ondan ibarətdir”.

 

Ermənistanın təxribat xarakterli addımları ABŞ və Fransanın da regionla bağlı maraqlarına xidmət edir. Deputat Elşad Mirbəşir deyir ki, təkcə Rusiyanın nəzarəti altında regionda proseslər inkişaf edə bilməz: “Belə olan halda ABŞ və Fransanın Cənubi Qafqaz regionunda mövcudluğu ciddi sual qarşısında qalır və müvafiq olaraq da o ölkələr prioritetlərini həyata keçirmək imkanlarından məhrum olmuş olurlar. Belə olan halda alət rolunda ən yararlısı olan Ermənistan işə yaraya bilər. BMT nizamnaməsinin 51-ci maddəsi Azərbaycana hüquq verir ki, Azərbaycan öz ərazilərində təhlükəsizliyi təmin etsin. Azərbaycan bununla birgə bəyanatın şərtlərinə əməl olunması istiqamətində təsirli addım atmış olar”.

 

Sərhəddə Ermənistan tərəfindən baş verən təxribatların Rusiyanın da imicinə ciddi ziyan vurduğunu deyən Elşad Mirbəşir onu da bildirib ki, birgə bəyanatın icrasında Rusiya özünü subyekt kimi təqdim edib və müvafiq olaraq da regionda müəyyən söz sahibi olmağa çalışır. O deyib ki, bu da Ermənistan və onun havadarları qane etməyən məsələdir. Ermənistan unutmamalıdır ki, darmadağın olunmuş bir ordu ilə hər hansı bir revanşa imza atmaq xülyadan başqa bir şey deyil deyə deputat bildirib.

 

İlahə Vəliyeva,

Faiq Həsənov,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR