Çernobıl əlillərinə 30 mənzil verilib

# 15:23
26 aprel 2021

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ramana yaşayış kompleksində 30 mənzil Çernobıl Atom Elektrik Stansiyasında hərbi xidmətlə əlaqədar əlilliyi olan vətəndaşlara təqdim edilib.

 

APA TV xəbər verir ki, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov iştirak ediblər. 

 

Nazir müavini Hidayət Abdullayev bildirib ki, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzadan 35 il ötsə də, bu qəza  bəşər tarixinin dəhşətli hadisələrindən biri kimi daim xatırlanır. Hidayət Abdullayevin sözlərinə görə, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, Prezidentin aylıq təqaüdü də verilir. Onların müalicəsi məqsədilə hər il onlara birdəfəlik müavinət də ödənilir.

 

H.Abdullayev həmçinin Nazirlik tərəfindən Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan vətəndaşların mənzil və minik avtomobilləri ilə təminatının həyata keçirildiyini deyib:  “Azərbaycan vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması hər zaman diqqət mərkəzindədir. Mütəmadi olaraq pensiya və müavinətlərin qaldırılması, sosial proqramların həyata keçirilməsi bunun bariz nümunəsidir. Bildiyiniz kimi cənab Prezidentin 30 yanvar imzaladığı sərəncamla 2014-cü ildən sonra mənzil növbəsinə dayanmış xüsusi kateqoriya var. Bu kateqoriyada şəhid ailələri, müharibə əlilləri, həmçinin Çernobıl əlilləri var. İndiyə qədər bu kateqoriyadan olan 9530 nəfərə mənzil verilib. Bu gündən sonra da bu proses davam etdiriləcək”.

 

Çernobıl faciəsi zamanı sağlamlığını itirən şəxslər onlar üçün yaradılan şəraitdən, göstərilən diqqət və qayğıdan məmnun olduqlarını bildiriblər.

 

Qeyd edək ki, ölkə başçısının Sərəncamı ilə bu il 3 min, ümumən 2021-2025-ci illərdə 11 min mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə veriləcək.

 

Xələf Xələfov,

Faiq Həsənov,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR